Prezident bir daha məmurlara xəbərdarlıq etdi
“Bizim cəmiyyətimiz çox gözəl cəmiyyətdir. Ölkədə işlər müsbət istiqamətdə gedir, ölkəmiz dünya arenasında görün, nə qədər böyük uğurlara nail olubdur. Bax, dediyim xarici siyasətlə bağlı olan məsələlər hələ işlərin bir hissəsidir”.
XALQ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib:
Prezident iqtisadi inkişafla bağlı heç bir narahatlığın olmadığını bildirib.
“Ancaq etibar etdiyim kadrlar və bütün dövlət məmurları öz fəaliyyətini bu prinsiplər əsasında qurmalıdırlar. Yenə də qayıdıram ictimai nəzarətə, çünki mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nəticəsində verilibdir. Bunu indi ictimaiyyət bilmir, amma yerlərdən gələn siqnallar yoxlanılır və qeyd etdiyim bu uğursuz təyinatlarla bağlı siqnallar yerlərdən gəlir. Əgər yerlərdən siqnal gəlməsə, onda mən haradan biləcəyəm? Onlar bir neçə dəfə yoxlanılır və bir neçə qurum tərəfindən, bir qurum yox, bir neçə qurum ki, burada şəxsi-qərəz olmasın. Ondan sonra bu, öz təsdiqini tapanda artıq qərar qəbul edilir və bütün məmurlar onu bilməlidirlər. Vəzifəyə təyin etmək böyük etimaddır. Ancaq bu etimad əgər məmur tərəfindən doğrulmasa, onda sərəncam da özünü çox gözlətməyəcək”, – İlham Əliyev əlavə edib.










