Prezident Davosda görüşlər keçirdi
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.
XALQ xəbər verir ki, Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Salamlara görə minnətdarlığını bildirən dövlət başçısı onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş edib.
Söhbət zamanı Məsrur Bərzaninin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə görüşləri məmnunluqla xatırlanıb.
Görüşdə iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
***
Yanvarın 20-də Davosda Prezident İlham Əliyev dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan Amerika Birləşmiş Ştatlarının “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə görüşüb.
Dövlət başçısı Azərbaycan Respublikası Dövlət Neft Fondu və ölkəmizin digər qurumları ilə “J.P. Morgan” arasında mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətinə toxunaraq, bunun uzunmüddətli xarakter daşıdığını və qarşılıqlı etimada əsaslandığını vurğulayıb.
Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirən Ceymi Daymon ölkəmizdə sabit investisiya mühitinin olduğunu deyib. O, həmçinin Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini qeyd edib. Ceymi Daymon rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini və onun daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə qlobal maliyyə bazarlarında mövcud vəziyyət, beynəlxalq investisiya mühiti və makroiqtisadi çağırışlar ətrafında fikir mübadiləsi aparılıb, qlobal iqtisadi proseslər fonunda institusional investorlar üçün formalaşan imkanlar və uzunmüddətli əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, idarə etdiyi aktivlərin həcmi 4 trilyon ABŞ dollarından çox olan “J.P. Morgan” şirkəti bankçılıq, investisiya və aktivlərin idarə olunması sahələrində fəaliyyət göstərir. Tarixi 200 ildən artıq dövrü əhatə edən şirkət hazırda dünyanın ən böyük və şaxələndirilmiş maliyyə institutları sırasında yer alır.
















