media-97

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.

XALQ xəbər verir ki, İlham Əliyev Mariam Kvrivişviliyə nazir təyin olunması münasibətilə təbriklərini çatdıraraq, onun vəzifəsinin icrasına başlamasından qısa müddət sonra ölkəmizə səfərini sıx əməkdaşlığımızın göstəricisi kimi qiymətləndirib.

Qonaqpərvərliyə və təbriklərə görə minnnətdarlığını bildirən Mariam Kvrivişvili dövlət başçısı ilə görüşdən şərəf hissi keçirdiyini deyib.

Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İrakli Kobaxidzeyə çatdırmağı xahiş edib.

Azərbaycan Prezidenti Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra İrakli Kobaxidzenin bu ilin yanvarında ilk xarici səfərini ölkəmizə etməsini məmnunluqla xatırlayaraq, bunun Azərbaycanla Gürcüstan arasında dostluğun və qardaşlığın nümunəsi olduğunu deyib.

Prezident İlham Əliyevin qlobal lider olduğunu vurğulayan Mariam Kvrivişvili dövlət başçısının Gürcüstanda dost kimi qəbul olunduğunu qeyd edib.

Söhbət zamanı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrimizin geniş gündəliyinin olduğu vurğulanıb, Azərbaycanla Gürcüstan arasında enerji və nəqliyyat sahələrində qurulmuş əməkdaşlığın və həyata keçirilən birgə layihələrin yalnız ölkələrimiz deyil, daha geniş region üçün strateji əhəmiyyət kəsb etdiyi qeyd olunub. Bağlantı, enerji, ticarət, sərmayələr və digər sahələrdə ikitərəfli və çoxtərəfli formatda daha sıx əməkdaşlıq həyata keçirilməsinin önəminə toxunularaq, müxtəlif istiqamətlərdə münasibətlərimizin genişlənəcəyinə ümidvarlıq bildirib.

Görüşdə Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaş olduğunu vurğulanıb, ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın mövcudluğuna toxunulub, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 




media-728x90banner

Bənzər xəbərlər