Prezident İlham Əliyevə zəng etdilər
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi martın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
XALQ xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Məhəmməd Yunis Əl-Mənfi İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumunu qınayıb.
Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunan həmrəyliyə görə təşəkkür edib.
Telefon söhbəti zamanı Azərbaycanla Liviya arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
***
Efiopiyanın Baş naziri Abiy Əhməd Əli martın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Abiy Əhməd Əli İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hava hücumunu qınadığını vurğulayıb.
Dövlət başçısı telefon zənginə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Telefon söhbəti əsnasında Efiopiyanın Baş nazirinin bir müddət əvvəl ölkəmizə rəsmi səfəri məmnunluqla xatırlanıb, səfər zamanı aparılmış müzakirələrin və imzalanmış sənədlərin ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verəcəyinə əminlik bildirilib.
***
Albaniya Prezidenti Bayram Beqay martın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bayram Beqay İranın pilotsuz uçuş aparatları ilə Naxçıvana hücumunu qınadığını bildirib.
Prezident İlham Əliyev telefon zənginə, Albaniyanın açıq və qətiyyətli mövqeyinə görə minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı məmnunluqla vurğulanıb, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və təmasların əlaqələrimizin inkişafına verdiyi töhfəyə toxunulub.
Tərəflər ikitərəfli gündəlikdə yer alan məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.










