Prezident İlham Əliyevi təbrik etdilər
Fələstin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
XALQ xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, hökumətinizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Allah-Təaladan Zati-alinizə cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq diləyir, eləcə də fəxr duyduğumuz ikitərəfli əlaqələrimizin daha da inkişaf etməsini arzulayıram.
Xahiş edirəm, səmimi qardaşlıq salamlarımı qəbul edəsiniz”.
***
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev:
“Möhtərəm İlham Heydər oğlu, əziz Qardaşım.
Sizi və Sizin simanızda qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Özbəkistan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizin uzaqgörən rəhbərliyinizlə həyata keçirilən müdrik daxili və
xarici siyasət nəticəsində Azərbaycan bütün sahələrdə əhəmiyyətli nailiyyətlərə imza atır, onun beynəlxalq arenadakı nüfuzu və mövqeyi durmadan yüksəlir.
Əhalinin yaşayış səviyyəsini ardıcıl surətdə yüksəltməyə xidmət edən genişmiqyaslı islahatlarınız, ölkə miqyasında aparılan böyük quruculuq işləri, xüsusilə də yeni, gözəl şəhərlərin salınması və müasir infrastruktur obyektlərinin inşası bizi əsl qardaş kimi sonsuz dərəcədə sevindirir.
Son illər ərzində birgə həyata keçirdiyimiz sistemli fəaliyyətlər nəticəsində ortaq tarix, ənənəvi dostluq və çoxşaxəli əməkdaşlığa əsaslanan əlaqələrimiz dövlətlərarası münasibətlərin yüksək zirvəsi – ittifaq səviyyəsinə yüksəldi.
Əminəm ki, yaxın gələcəkdə bənzəri olmayan Azərbaycan diyarına reallaşacaq səfərimiz və açıq, səmərəli dialoqlarımız qarşılıqlı faydalı və uzunmüddətli münasibətlərimizi keyfiyyət və məzmun baxımından yeni mərhələyə çatdıracaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizinlə keçirdiyimiz danışıqlar zamanı əldə olunan əhəmiyyətli razılaşmalar və böyük layihələr, qəbul edilmiş “yol xəritələri”nin tam şəkildə reallaşması strateji tərəfdaşlığımıza yeni təkan, xalqlarımızın ümumi rifahına böyük töhfə verəcəkdir.
Xüsusilə, razılaşdığımız kimi, əməkdaşlığımızı kimya, neft-qaz, dağ-mədən, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, farmasevtika, tikinti materialları və bank-maliyyə sahələrində genişləndirərək on yeni istiqamət üzrə sürətlə inkişaf etdirməyə yönəlmiş böyük planlarımızın tam həyata keçəcəyinə inanıram.
Fürsətdən istifadə edərək, ölkənizin həyatındakı bu əlamətdar tarix münasibətilə bir daha təbriklərimi çatdırır, Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və Vətənin inkişafı yolundakı şərəfli fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və davamlı tərəqqi arzu edirəm”.
***
İspaniyanın Kralı VI Felipe:
“Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzu edirəm”.
***
Koreya Prezidentinin səlahiyyətlərini icra edən, Baş nazirin müavini və təhsil naziri Li Cu Ho:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Ötən illər ərzində ölkələrimiz arasında güclü əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurulmuşdur. Bu münasibətlərin daha da inkişaf edəcəyinə və xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə ümid edirəm.
Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına davamlı rifah arzu edirəm”.
***
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz:
“Hörmətli cənab Prezident.
Sizi və bütün Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə BP şirkəti adından səmimi-qəlbdən təbrik edirəm.
Otuz ildən artıqdır ki, davam edən uğurlu və məhsuldar əməkdaşlığımızı yüksək dəyərləndirir və ölkənizin dünya səviyyəli layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməkdən qürur duyuruq. Bu illər ərzində birgə əldə etdiyimiz nailiyyətlər və qarşılıqlı etimad bizim üçün çox böyük əhəmiyyət kəsb edir.
BP şirkəti olaraq, bu səmərəli tərəfdaşlığın uzun illər davam edəcəyinə və Azərbaycan xalqının rifahının daha da yüksəlməsinə xidmət edəcəyinə inanırıq.
Zati-aliləri, Sizi bu əlamətdar gün münasibətilə bir daha təbrik edir, Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə daimi tərəqqi və inkişaf arzu edirəm”.
***
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev:
“Möhtərəm İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan milli suverenlik illərində dünya birliyinin tamhüquqlu üzvünə çevrilib, geniş beynəlxalq nüfuz qazanıb.
Respublika bu gün Sizin rəhbərliyinizlə ölkədə siyasi və sosial-iqtisadi sabitliyin möhkəmləndirilməsi istiqamətində kompleks dövlət islahatları yolunda inamla irəliləyir.
Əminəm ki, Sizin çoxşaxəli fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının tərəqqisinə və əhalinin rifahının yüksəldilməsinə xidmət edəcək, bizim Müstəqil Dövlətlər Birliyi çərçivəsində məhsuldar əməkdaşlığımız isə möhkəmlənəcək və inkişaf edəcəkdir.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.










