Prezident İlham Əliyevin Kəlbəcərdə tarixi mesajları
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcərə altıncı səfəri zamanı söylədiyi çıxış təkcə bölgə əhalisinə ünvanlanan təbrik nitqi deyildi.
Bu çıxış həm tarixi həqiqətlərin açıqlanması, həm də gələcəyə dair mühüm siyasi mesajlar idi. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Kəlbəcərin və digər torpaqlarımızın işğalı birbaşa ovaxtkı xəyanətkar rəhbərliyin məsuliyyətsizliyinin nəticəsi olmuşdur. AXC-Müsavat hakimiyyətinin satqınlığı Azərbaycanın strateji ərazilərinin itirilməsi ilə nəticələndi.
Lakin xalqın iradəsi və dövlətin gücü nəticəsində bu faciələrin intiqamı alındı, ədalət bərpa edildi. Prezident İlham Əliyev beynəlxalq münasibətlər kontekstində də mühüm məqamlara toxundu. O, qeyd etdi ki, Minsk qrupu əslində işğalı əbədiləşdirmək üçün fəaliyyət göstərirdi. Lakin Azərbaycan xalqı heç vaxt bununla barışmadı və öz gücü ilə haqqını bərpa etdi. Xüsusilə vurğulanan məqam isə Azərbaycanın tam və mütləq Qələbə qazanan ölkə olmasıdır. Müasir beynəlxalq münasibətlərdə belə nümunələr azdır. Bu, həm Azərbaycan xalqının iradəsinin, həm də dövlətin gücünün göstəricisidir.
Prezident İlham Əliyevin sözləri həm də sülhə çağırış idi: “Azərbaycan sülh istəyir, lakin heç vaxt təhlükə qarşısında geri çəkilməyəcək. “Dəmir yumruq”un gücü hər zaman Azərbaycanın qarantı olaraq qalacaq”. Bu çıxış Kəlbəcərin azad olunmasının həm tarixi ədalətin təntənəsi, həm də gələcək nəsillərə əmanət edilən böyük Qələbənin rəmzi olduğunu bir daha təsdiqlədi.
Bu mesaj həm ölkə vətəndaşları, həm də beynəlxalq aləm üçün aydın siqnaldır: “Azərbaycan regional təhlükəsizliyin əsas təminatçısıdır və bundan sonra da qalib dövlət kimi quruculuq işlərini davam etdirəcək”. Prezident İlham Əliyevin Kəlbəcərdə verdiyi tarixi mesajlar Azərbaycanın gələcək inkişaf yolunu, müstəqilliyinin əbədiliyini və dövlətimizin qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.
Şahin Seyidzadə
Millət vəkili