media-ulvi
21 avqust 2025-ci il tarixində Prezident İlham Əliyev Kəlbəcər şəhərinə səfər edərək bir sıra mühüm açılış və təməlqoyma mərasimlərində iştirak edib. Dövlət başçısının kəlbəcərlilərlə görüşü xüsusi rəmzi məna daşıyırdı – 32 ildən sonra doğma yurda qayıdan sakinlər artıq yeni, müasir Kəlbəcərdə həyatlarını qururlar.
Prezident İlham Əliyev Kəlbəcərdə tarixi çıxışında qeyd edib ki, Azərbaycan xalqı uzun illər səbrlə bu günü gözləmiş, nəhayət Vətən müharibəsi və sonrakı antiterror əməliyyatı nəticəsində ədalət bərpa olunmuşdur:
“Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız. Biz haqqımızı bərpa etdik. Azərbaycan xalqı heç vaxt torpaqlarından imtina etməyib və bu gün Kəlbəcərdə həyat yenidən başlayır.”
Dövlət başçısı həmçinin işğal dövründə xalqın çəkdiyi çətinlikləri, beynəlxalq müstəvidə Azərbaycanın apardığı mübarizəni və ordunun şücaətini vurğulamışdır. Kəlbəcərdə gedən geniş quruculuq işləri barədə ətraflı olaraq izah etmişdir.
Prezidentin səfəri çərçivəsində Kəlbəcərin Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaların açılışında iştirak edib. Bununla yanaşı, dövlət başçısı Kəlbəcər şəhərinin sakinlərinə mənzillərin açarlarını təqdim etdi, 3-cü və 4-cü yaşayış komplekslərinin təməlini qoydu, Kəlbəcər şəhər parkının təməlini qoydu, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak etdi.
Artıq şəhərdə müasir yaşayış komplekslərinin inşası sürətlə davam edir. “Böyük Qayıdış” proqramının ilk mərhələsində 10 mindən çox sakin yeni mənzillərlə təmin olunacaq.
Həmçinin Kəlbəcərdə məktəblər, xəstəxanalar, yollar, enerji və kommunikasiya xətləri sürətlə bərpa olunur. Dövlət başçısı qeyd edib ki, şəhər dünyanın ən gözəl mənzərəli və müasir yaşayış məntəqələrindən birinə çevriləcək.
Prezident İlham Əliyev çıxışında Kəlbəcərin işğal tarixindən, Ermənistanın havadarlarının planlarından və Azərbaycanın apardığı qətiyyətli siyasətdən danışaraq bildirdi:
“Biz tam Qələbə qazandıq, düşməni kapitulyasiyaya məcbur etdik. Ancaq məqsədimiz yalnız müharibə aparmaq deyil. Bizim işimiz quruculuqdur, Kəlbəcər də bunun ən gözəl nümunəsidir.”
Dövlət başçısı həmçinin Ermənistanla imzalanmış sülh sazişinə toxunaraq, Azərbaycanın regionda əsas sabitlik və inkişaf təminatçısı olduğunu vurğuladı.
Cənab Prezidentin çıxışı- tarixi dərslər, gələcək hədəflər üçün mühüm istiqamətdir və çox böyük əhəmiyyət kəsb edir.
21 avqust 2025-ci il səfəri göstərdi ki, Kəlbəcərin yeni tarixi başlayır. Artıq dağıntılar arxada qalıb, yerini müasir şəhərsalma layihələri, güclü infrastruktur və firavan həyat keçmişi əvəzləyir.
Prezidentin sözləri ilə desək, “biz buranı dağıtmadıq, biz buranı qurduq və bundan sonra da qurmağa davam edəcəyik.”
Ülviyyə Həmzəyeva
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı

media-728x90banner

Bənzər xəbərlər