Prezident Mingəçevirdə
Prezident İlham Əliyev bu gün Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Məlumat görə, sonra dövlət başçısı “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edən qonaqlarla görüşüb, onlarla söhbət edib. Söhbət zamanı bu stansiya layihəsinin əhəmiyyəti vurğulanıb. İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə toxunulub. İşlərin qısa müddət ərzində yekunlaşması məmnunluqla qeyd edilib.
Daha sonra “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib.
Prezident İlham Əliyev tədbirdə çıxış edib.
Sonra İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq, “AzərEnerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov çıxış ediblər.
Daha sonra Prezident İlham Əliyev və İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso stansiyanın açılışını ediblər.
Prezident İlham Əliyev və qonaqlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən bu stansiyaya atılan raketin düşdüyü əraziyə baxıblar.
Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb.
Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.
Sonra dövlət başçısı və açılışda iştirak edən qonaqlar stansiyanın ərazisini gəziblər.






























***
Prezident İlham Əliyev bu gün Mingəçevirdə İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XALQ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Söhbət zamanı dövlət başçısı Adolfo Urso ilə görüşləri məmnunluqla xatırladıb.
Prezident İlham Əliyev Adolfo Ursoya “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirakına görə minnətdarlığını bildirib, gələcəkdə də birgə layihələrin həyata keçiriləcəyinə ümidvarlığını ifadə edib.
Qonaq İtaliyanın “8 Noyabr” Elektrik Stansiyasının inşasında iştirakını ölkələrimiz arasında dostluğun və uğurlu əməkdaşlığın göstəricisi kimi dəyərləndirib.
Azərbaycana dəfələrlə səfər etdiyini xatırlayan Adolfo Urso bu tədbirdə iştirakdan məmnunluğunu bildirib. O, 2020-ci ildə Gəncə və Ağdam şəhərlərinə səfərinə toxunub.
Dövlət başçısı Adolfo Ursonun işğaldan azad edilmiş torpaqlarımıza Avropa ölkəsini təmsil edən ilk xarici yüksəksəviyyəli şəxslərdən biri olduğunu vurğulayıb və buna görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı quruculuq işlərinin aparıldığını və orada artıq 3 beynəlxalq hava limanının istifadəyə verildiyini deyib.
Söhbət zamanı münasibətlərimizin strateji xarakter daşıdığı bildirilib, siyasi əlaqələrimizin çox yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Azərbaycan-İtaliya əməkdaşlığının daha da genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin roluna toxunulub.
Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi bildirilib, enerji, o cümlədən bərpaolunan enerji, metallurgiya, kənd təsərrüfatı, əczaçılıq, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərində iştirakı qeyd edilib. “Azərenerji” ilə “Ansaldo” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.
Sonra xatirə şəkli çəkdirilib.





