Prezident Slovakiyadadır
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Slovakiyaya rəsmi səfərə gedib.
XALQ xəbər verir ki, Bratislava şəhərinin Milan Ştefanik adına Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Slovakiya Prezidenti Aparatının rəhbəri Peter Vodraşka və digər rəsmi şəxslər qarşılayıblar.



Prezident İlham Əliyevin dekabrın 8-də Slovakiyanın paytaxtı Bratislavada rəsmi qarşılanma mərasimi olub.
XALQ xəbər verir ki, Prezident Sarayında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Slovakiyanın Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycanın nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiyanın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edilib.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Prezident İlham Əliyev xatirə kitabını imzalayıb.






















