Prezident və xanımı Pekində paradda və ziyafətdə iştirak ediblər
Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.
XALQ xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paradı izləmək üçün Çinin paytaxtı Pekindəki Tiananmen Meydanına gəliblər.
Çin Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.
Həmçinin Pekində Çin Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak edən nümayəndə heyətlərinin başçılarının və xanımlarının şərəfinə ziyafət verilib və konsert proqramı təqdim olunub.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.