Prezident və xanımı Vens ailəsi ilə
Məlum olduğu kimi, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda mühüm rəsmi qarşılanma mərasimi baş tutub.
XALQ xəbər verir ki, fevralın 10-da Zuğulba iqamətgahında keçirilən mərasimdən sonra maraqlı anlar yaşanıb.
Belə ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vitse-prezident Vens və xanımı Uşa Vensə ailə albomundan olan özəl fotoları təqdim ediblər. Həmin fotolarda müxtəlif dövrlərdə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ABŞ-nin yüksəkrütbəli rəsmiləri ilə keçirilən görüşlər əks olunub.
Qeyd edək ki, səfər çərçivəsində tərəflər arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalanıb. Sənəd iqtisadiyyat, təhlükəsizlik və süni intellekt sahələrində əməkdaşlığı nəzərdə tutur.
Xatırladaq ki, bu səfər son 18 ildə ABŞ vitse-prezidentlərinin Azərbaycana ilk gəlişi kimi tarixə düşüb.
****
“Burada yeməklər çox ləziz olmalıdır. İkincisi isə ölkə başçısı həqiqətən cəlbedici şəxsdir”.
XALQ xəbər verir ki, bu fikirləri ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens Prezident İlham Əliyevlə birgə mətbuata açıqladığı bəyanatlarda deyib.
Vitse-Prezident özü və xanımının şərəfinə təşkil olunan ziyafətdən də bəhs edib:
“Bir az sonra biz yeməkləri dadacağıq və əminəm ki, o da ləziz olacaq.
İcazə verin, həmçinin qeyd edim ki, ikinci xanım və mən bu gün axşam ziyafətdə iştirak etməkdən çox məmnunuq.
Mən bunları şəxsən öz tərəfimdən, eləcə də böyük xalqlarımızın dostluğu baxımından söyləmək istəyirəm. Burada olmaqdan çox böyük şərəf hissi duyuram və müzakirəni davam etdirməkdən çox məmnunam”.



















