media-01

YARAT Müasir İncəsənət Mərkəzində “Bakıya uçuş. Art Weekend. Gələcəyi İNDİ hiss et” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) təşəbbüsü çərçivəsində həyata keçirilən “Nəfəs – söz və səsin vəhdəti” adlı növbəti layihənin təqdimatı olub.

XALQ xəbər verir ki, tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Festival üçün xüsusi olaraq SÖZ multidisiplinar mərkəzi tərəfindən hazırlanmış immersiv performans mistik musiqini, sufi poeziyasını və insan səsinin gücünü bir araya gətirib. Səhnədə Savalan və Çardaq qruplarının ifasında səslənən etnik melodiyalar və melodramatik deklamasiya mənəvi vəhdət, dərinlik və təfəkkür atmosferi yaradıb.

AZƏRTAC-ın müxbiri ilə söhbətində şair və SÖZ multidisiplinar mərkəzinin yaradıcısı Nigar Həsənzadə bildirib ki, layihənin ideyası “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına dəvət alındıqdan dərhal sonra yaranıb.

Performansın fəlsəfəsindən danışan N.Həsənzadə qeyd edib ki, layihə mistik musiqi, poeziya və insan səsinin gücünü birləşdirir.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Art Weekend” festivalı ilk dəfə olaraq Bakıda reallaşır və noyabrın 2-dək davam edəcək.

 













****

Bakının mədəni həyatını zənginləşdirən “Art Weekend” festivalı çərçivəsində Daş Salnamə Muzeyində “Baku Steel Art 2025” və “Son dalğa” adlı sərgilər açılıb.

XALQ xəbər verir ki, tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər. Qonaqlar sərgi ilə tanış olublar.

“Baku Steel Art 2025” sərgisi poladla sənətin görüş nöqtəsi, gələcək nəsillərə ilham verəcək bir yaradıcılıq körpüsüdür. Nümayiş olunan işlərdə texnologiyanın sərtliyi ilə yaradıcılığın zərifliyi bir araya gəlir. Sərgidə sənətkarlar polada yeni nəfəs verərək, onu orijinal və unikal sənət əsərlərinə çeviriblər. Müxtəlif bədii yanaşmalarla yaradılan heykəltaraşlıq nümunələri poladla sənətin estetik dəyərlərini birləşdirir və müasir incəsənətin yeni ifadə formalarını ortaya qoyur.

Sərgidə yer alan “Lövbər” əsərinin müəllifi Zamik Rzayev AZƏRTAC-a açıqlamasında öz əl işi barədə məlumat verib. “Xəzər dənizinin qurumasından təsirlənərək bu əsəri yaratmışam. Göründüyü kimi lövbər kənarda yerləşir və aşağı hissədə güzgüdən istifadə olunub. Bunun səbəbi hər kəsin ekologiyanın gözəlləşdirilməsi ilə bağlı empatiya qurmasına şərait yaratmaqdır. Əsas məqsədimiz təbiəti qorumağın, tullantılara yeni həyat verməyin və incəsənətlə harmoniyada yaşamağın vacibliyini nümayiş etdirməkdir. Bu əsər 10 gün ərzində səylə çalışmağın nəticəsində ərsəyə gəlib”,- deyə Z.Rzayev əlavə edib.

Rumıniyalı heykəltaraş, “Torpaq və od” əsərinin müəllifi Çiprian Hopirtean isə sərgidə təqdim etdiyi işin müharibənin hekayəsindən bəhs etdiyini vurğulayıb. Bu layihənin Ağdam Cümə Məscidinin bərpası üzərində iki illik təcrübə əsasında formalaşdığını diqqətə çatdıran heykəltaraş deyib: “Məscidin divarları güllə izləri və yanıq ləkələri ilə doludur. Çünki orada müharibə nələr edə biləcəyinin şahidi oldum”.

“Son dalğa” adlı sərgidə heykəltaraşlıq və instalyasiya əsərləri ilə tanınan Elvin Nəbizadənin kinetik instalyasiyası təqdim olunub. Əsər səs və hərəkət arasında açılan iki paralel dünyaya dəvət edir.

“Son dalğa” iki monumental çərçivə zərb alətindən ibarət kinetik bir quraşdırmadır və ayrı-ayrı otaqlarda asılıb. Tavandan asılan zərb alətləri yavaş və ritmik hərəkətə gətirilir. Hərəkət dənizin nəfəsi kimi incə, lakin davamlıdır. Quraşdırma soyuq və isti atmosferdə açılır. İlk otaqda mavi-ağ işıqla dolu, dəniz sakit və uzaq görünür. Qışın donmuş sakitliyi havada qalır, təbiətin dinc ritmini daşıyır. Dalğaların səsi uzaqdan gələn bir əks kimi eşidilir. İkinci otaqda isə işıq qızılı və canlı, yay günəşinin parıltısı, hərəkətli sudakı parıltı kimidir. Mexaniki ritm daha qabarıqdır, dənizi canlandıran və hərəkətə gətirən istiliyi çağırır. Bu iki dünya arasında dialoq yaranır. Eyni səs iki fərqli əhvalda, eyni dəniz iki mövsüm boyu nəfəs alır.

 















****

Daş Salnamə Muzeyində “Bakıya Uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı üçün xüsusi hazırlanan “Suyun sirri” pantomim tamaşası təqdim olunub.

XALQ xəbər verir ki, tədbirdə iştirak edən “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva səhnə əsərini izləyiblər.

Tamaşanın mövzusu incəsənət festivalının əsas elementi kimi seçilən su üzərində qurulub. Xalq artisti, pantomim aktyoru Pərviz Məmmədrzayevin müəllifi olduğu layihə insan və su arasındakı əbədi bağlılığı təsvir edir.

Pərviz Məmmədrzayevlə yanaşı, layihəyə 7 aktyor cəlb edilib. Tamaşada səssiz, lakin dərin ifadələrlə insanların çox çətinliklə həyatın mənbəyi hesab olunan suyu axtarmaları səhnələşdirilib.

Layihənin məqsədi Bakını qlobal səviyyədə əks-səda yaradan, bir şəhər olaraq ənənə və müasirliyi birləşdirən, müxtəlif fikirləri bir araya gətirən və gələcək nəsillərə ilham verən mədəniyyət paytaxtı kimi təqdim etməkdir.

 












media-728x90banner

Bənzər xəbərlər