Prezidentin müsahibəsində Azərbaycanın bu günü və gələcəyi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvar ayının 5-də yerli televiziya kanallarına verdiyi müsahibə aktuallığı və əhatə dairəsi baxımından geniş ictimai maraq doğurmuşdur.Cənab Prezidentin səsləndirdiyi fikirlər, ənənəvi olaraq, ölkənin siyasi gündəmini müəyyənləşdirmiş, Azərbaycan mətbuatına və ictimai mühitə mühüm mövzular təqdim etmişdir.
Müsahibədə cənab Prezident 2025-ci ilin Azərbaycan-ABŞ münasibətləri baxımından tarixi il ola bilməsini xüsusi vurğulamışdır. Məlum olduğu kimi, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan-ABŞ münasibətlərinin inkişafına 1992-ci ilin oktyabrında qəbul edilmiş 907-ci düzəliş uzun müddət mənfi təsir göstərmişdir.Lakin bütün çətinliklərə baxmayaraq, Azərbaycan, gənc, müstəqil dövlət kimi ABŞ kimi aparıcı dünya gücü ilə münasibətini qoruyub saxlaya və inkişaf etdirə bilmişdir. Nəticə etibarı ilə Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən mərasimdə 907-ci düzəlişin qüvvədən düşməsi mühüm siyasi hadisə kimi tarixə düşmüşdür.
Cənab Prezident müsahibəsində qeyd etmişdir ki, ötən il ərzində 20-dən çox xarici səfər həyata keçirmişdir, eyni zamanda bir sıra xarici dövlət və hökumət başçıları Azərbaycana rəsmi səfərlər etmişlər.Ölkəmizdə nüfuzlu beynəlxalq tədbirlər keçirilmişdir.Dövlət başçısı xüsusilə Xankəndidə təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Görüşünü diqqətə çatdırmışdır. Zirvə Görüşünün əsas tədbiri Xankəndidə keçirilsə də Prezidentin təşəbbüsü ilə Şuşada, Laçında və Ağdamda üç mühüm forum təşkil edilmiş, bununla da xarici qonaqlara işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini yerində görmək imkanı yaradılmışdır.
Prezident İlham Əliyev müsahibəsində Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü də xüsusi qeyd etmiş,türk dövlətləri arasında həmrəyliyin və əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.Bununla yanaşı,Çin Xalq Respublikası ilə münasibətlərə toxunan dövlət başçısı bildirmişdir:”Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə strateji tərəfdaşlığımızdır.Keçən il Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu çox böyük uğur hesab edilə bilər”. Eyni zamanda Prezident D-8 təşkilatına üzvlüyü və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizi də mühüm nailiyyətlər sırasında görmüşdür.
Müsahibə ölkənin hərbi qüdrətinin artırılması,elm və təhsil sahəsində aparılan islahatlar, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsi istiqamətində görülmüş və görüləcək işlər barədə suallara layiqli və əsaslandırılmış cavablar verilmişdir.
Qeyd etmək istəyirəm ki cənab Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlə məndə Vəhdət Partiyasının təmsilçisi və Azərbaycan vətəndaşı olaraq böyük inam, qürur hissi yaratmışdır.Ölkəmizdə mövcud olan sabitlik, təhlükəsizlik və məqsədyönlü inkişaf siyasəti bir vəhdətçi kimi bizi sevindirir və gələcəyə daha böyük ümidlə baxmağa stimul verir.Bütün bu amillər Azərbaycan dövlətinin qarşısında vəzifələrin uğurla yerinə yetiriləcəyinə olan inamı daha da möhkəmləndirir.
Nurəddin Salayev,
Vəhdət Partiyasının Nizami rayon təşkilatının sədri











