media-ley

Noyabrın 18-də “LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında Səbinə Əliyeva, Hüzurə Ağayeva və Gülarə Əmirovanın həmmüəllifi olduqları “Azərbaycan dilini öyrənirik” kitabının təqdimat mərasimi keçirilib.

XALQ  xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən kitabın həmmüəllifi Səbinə Əliyeva kitabın 4-6 yaşlı uşaqlar üçün nəzərdə tutulduğunu, ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yetişən uşaqlara, o cümlədən Azərbaycandan kənarda yaşayan balaca həmyerlilərimizə ana dilini öyrətmək, dilimizə qarşı sevgi oyatmaq, öz dilimizdə ünsiyyət qurmaq bacarıqlarını uşaq yaşlarından formalaşdırmaq məqsədi daşıdığını deyib: “Bu kitabı hazırlamaqda əsas hədəflərdən biri Azərbaycan dilini öyrətməklə yanaşı, ölkəmizin milli dəyərlərinə, mədəniyyətinə bağlılıq yaratmaqdır. Kitab ümumilikdə 8 bölmədən ibarətdir və müxtəlif mövzulara həsr olunub. Kitabın ən maraqlı xüsusiyyətlərindən biri şəkillər əsasında hazırlanmasıdır. Həmin yaş qrupunda olan uşaqlarda oxu-yazı bacarığı hələ formalaşmır. Ona görə də balacaların qavrama xüsusiyyətləri nəzərə alınaraq mövzular şəkillərlə izah olunub. Bir yandan da şəkillərlə öyrənmə prosesi daha əyləncəli və yaddaqalan edir. Ən maraqlı cəhətlərdən biri “dinləyək və öyrənək” rubrikasıdır. Burada Azərbaycan şairlərinin şeirləri audioformat şəklində, yəni QR kod vasitəsilə səsli versiyada oxutdurulur. Bununla yanaşı, kitaba uşaqların erkən yaşda ilkin ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün ən zəruri olan ifadələr, sözlər, cümlələr daxil edilib ki, burada da məqsəd öyrənmə prosesini daha sistemli şəkildə həyata keçirməkdir. Məlum olduğu kimi, həmin yaş qrupundan olan uşaqlara yazılı söz və ifadələr, həmçinin şeirlər müəllimlər və valideynlər tərəfindən səsləndirilir və öyrədilir. Kitabda bir növ müəllim və valideynlərə istiqamət verilir”.

Kitabın redaktoru professor Sevinc Əliyeva üçillik zəhmətin bəhrəsi olan həmin kitabın dilimizə sevgi, dəyərlərimizə bağlılığın ifadəsi olduğunu bildirib. O, nəşri xaricdə yaşayan və böyüyən azərbaycanlı uşaqların da sevimli kitabına çevriləcəyinə inamını ifadə edib.

Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, yazıçı, şair, pedaqoq, professor Zahid Xəlil, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Göyərçin” jurnalının baş redaktoru, professor Rafiq Yusifoğlu, Abdulla Şaiqin nəvəsi və ev-muzeyinin direktoru Ülkər Talıbzadə çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı nitqindən fikirləri xatırladıblar. Bildirilib ki, ölkə başçısının vurğuladığı kimi Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Çıxış edənlər Azərbaycan dilinə dövlət səviyyəsində qayğı göstərildiyini qeyd edib, bu istiqamətdə atılan addımlardan bəhs ediblər.

Natiqlər “Azərbaycan dilini öyrənirik” kitabını tədris vasitəsi kimi yüksək qiymətləndirib, uşaqların doğma dilimizdə düşünüb-danışmağı sadə və anlaşılan şəkildə öyrənməsi üçün faydalı olacağına və bu cür layihələrin davamlı xarakter alacağına inamlarını ifadə ediblər.

Tədbir zamanı, həmçinin bədii hissə nümayiş etdirilib, kitaba daxil edilən şeirlərdən bir neçəsi QR kod vasitəsilə səsləndirilib.

 














****

Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən “Gülçöhrə və Əsgər” tamaşasının premyerası olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak edib, tamaşanı izləyiblər.

XALQ xəbər verir ki, “Gülçöhrə və Əsgər” ikihissəli musiqili dramı dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin davamıdır.

Yeni səhnə əsərinin bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev jurnalistlərə açıqlamasında tamaşaya fərqli yanaşma olunduğunu diqqətə çatdırıb. “Bu əsər “Arşın mal alan”dan fərqli olaraq xoşbəxt sonluqla bitmir. Süjet gözlənilməzdir və tamaşaçını daim diqqətdə saxlayır. Bu səbəbdən həm maraqlı, həm də dəyərli təcrübə oldu”, – deyə bəstəkar əlavə edib.

Həm “Arşın mal alan”, həm də “Gülçöhrə və Əsgər” tamaşalarında Əsgər obrazının ifaçısı, Prezident mükafatçısı Səmədzadə Xasiyev vurğulayıb ki, rolların ikisi də xarakterikdir. Yaradıcı heyətin tamaşa üzərində uzun müddət çalışdığını bildirən aktyor deyib: “Əsgərin musiqili komediyadakı şən və romantik tərəfi və yeni əsərdəki dramatik taleyi aktyor kimi mənə geniş ifadə imkanları yaradır. Bu rol üzərində işləmək həm məsuliyyətli, həm də yaradıcı baxımdan dəyərlidir. Əsgər və Gülçöhrə tarixin qaranlıq və sərt dönəmlərində yaşadıqları sarsıntılar fonunda bütöv bir dövrün mənzərəsini yaradırlar. Əsgərin Sibirdə keçirdiyi məşəqqətli illər, Gülçöhrənin isə ümidsizlik içində onu gözləməsi təkcə nakam sevgi hekayəsi deyil, həm də bir xalqın yaddaşını, mübarizliyini və sarsılmaz ruhunu əks etdirən bədii salnamədir”.

İkihissəli musiqili dramda Telli obrazını canlandıran Elnarə Nağdəliyeva qeyd edib ki, o, mərhəmətli və şən qadındır. “Obrazın daxili gücünü və yumşaq xarakterini tamaşaçıya çatdırmağa çalışdım. Telli obrazı ağasına və xanımına sadiqliyi ilə seçilir. Bütün gərginliyə, təhlükələrə və çətinliklərə baxmayaraq, o, xanımını və bəyini tək qoymur, onlarla birlikdə İrana, İstanbula, sonra isə Fransaya qədər uzanan çətin yola çıxır”, – deyə aktrisa əlavə edib.

“Gülçöhrə və Əsgər”in tamaşaçısı, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə səhnə əsərindən təsirləndiyini deyib: “Tamaşa Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən siyasi və ictimai hadisələri, xüsusilə bolşeviklərin ölkəmizə vurduğu maddi və mənəvi zərbələrin acı nəticələrini incə ustalıqla əks etdirib. Gülçöhrə və Əsgərin mürəkkəb taleyi tamaşada yüksək sənətkarlıqla təqdim olunur və izləyicidə güclü emosional təəssürat yaradır”.

Tamaşanın quruluşçu rejissoru Əsgər Əsgərov, dirijoru Fəxrəddin Atayev, baletmeysteri Nigar Şahmuradova, xormeysteri Vaqif Məstanovdur.

Səhnə əsərində Əməkdar artistlər Əzizağa Əzizov, İlqar Salamov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, Atilla Məmmədov, aktyorlar Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Elçin İmanov, Elxan İsmayılov, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Nicat Həbibov, həmçinin xor və balet artistləri iştirak ediblər.

 







media-728x90banner

Bənzər xəbərlər