Avqustun 15-i Azərbaycan manatının tədavülə buraxıldığı gündür.

 XALQ məlumat verir ki, Azərbaycan manatı 1992-ci ildə tədavülə buraxılıb.

Azərbaycan manatı – Azərbaycan Respublikasının pul vahididir və respublika ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

1994-cü il yanvarın 1-dən manat ölkədə yeganə ödəniş vasitəsi elan olunub və sovet rublu dövriyyədən çıxarılıb.

1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginas; 1993-cü ilin martında 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb.

Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat (AZN) 5000 köhnə AZM-ə bərabər tutulub. 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edilib.

Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginaslar və 1, 3, 5, 10, 20, 50 qəpiklik metal pul nişanlarından ibarət olub. Azərbaycan manatının beynəlxalq ISO kodu 994-dür.

1 manat – mədəniyyət, 5 manat – yazı və ədəbiyyat, 10 manat – tarix, 20 manat – Qarabağ, 50 manat – təhsil və gələcək, 100 manat isə iqtisadiyyat və inkişaf mövzularına həsr olunub.

Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka mənsubdur. Azərbaycan manatı türk ölkələrinin ən dəyərli milli valyutasıdır.

Azərbaycanın yeni nəsil əsginas və sikkələrinin dizaynları vahid konsepsiya əsasında hazırlanıb. Yeni pulların dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edilib.

Yeni manatın dizaynı avro əsginaslarının dizayn müsabiqəsinin qalibi Robert Kalinaya məxsusdur.

Hazırda istifadə etdiyimiz milli pul əsginaslarının mənaları:

1 manat – mədəniyyət mövzusuna həsr olunub. 120×70 mm ölçüdə çap olunub. Üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin – tar, kamança və qavalın qrafik təsvirləri var. Arxasında qədim Azərbaycan xalçasının naxışları, Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilib.

5 manat – yazı və ədəbiyyat mövzusuna həsr olunub. 127×70 mm ölçüdədir. Üz tərəfində ədəbi simalar, qədim kitablar, Dövlət Himnindən parça, arxasında Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilib, Azərbaycanın inkişaf tarixi – Qobustan petroqlifləri (qayaüstü rəsmləri), Orxon-Yenisey əlifbası, müasir yazımız göstərilib.

10 manat – tarix mövzusuna həsr olunub. 134×70 mm ölçüdədir. Üz tərəfi Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə qala divarlarının fonunda verilib. Arxasında Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları təsvir edilib.

20 manat – Qarabağ mövzusuna həsr olunub. 141×70 mm ölçüdədir. Üz tərəfində qüdrət nişanəsi olan qılınc, dəbilqə, qalxan və sülh rəmzi xarıbülbül təsvir olunub. Arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilib.

50 manat – təhsil və gələcək mövzusuna həsr olunub. 148×70 mm ölçüdədir. Üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti pillələr, güc və işıq nişanəsi, Günəş, elm rəmzi, kimyəvi və riyazi simvollar təsvir olunub. Arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycanın xalçalarının ornamentləri göstərilib.

100 manat – iqtisadiyyat və inkişaf mövzusuna həsr olunub. 155×70 mm ölçüdədir. Üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunub. Arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilib.

200 manat – Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. 160×70 mm ölçüdə olan əsginas 2018-ci ilin iyun ayından dövriyyəyə buraxılıb. Üz tərəfində Heydər Əliyev Mərkəzi və Mərkəzi Bankın sədrinin imzası təsvir olunub. Əsginasın dizaynı ABŞ-nin “Crane Currency” şirkəti tərəfindən hazırlanıb.

 

Manatın mühafizə elementləri: əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən MANAT, möcüzəli rəqəm (yaşıldan tünd-qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultrabənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər var.

Yubiley 5 manatı

Azərbaycan Mərkəzi Bankı 2019-cu ilin oktyabr ayında AMB-nin yaranmasının 100-cü, Dövlət Neft Fondunun yaranmasının 20-ci və Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümünün qeyd olunması münasibətilə nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanlarını tədavülə buraxıb.

Çəkisi 1 Trua unsiyası – 31.1 q, diametri isə 38.61 mm təşkil edir. Pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.

Yubiley pul nişanları nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.

Yeni Azərbaycan manatının mühafizə sistemi xüsusi “mühafizə fəlsəfəsinə” uyğun İsveçrə Milli Bankı ilə əməkdaşlıq nəticəsində hazırlanıb. Belə ki, yeni nəsil əsginaslar dördpilləli mühafizə sisteminə malikdir:

  • 1-ci dərəcəli – xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən;
  • 2-ci dərəcəli – ticarət müəssisələri tərəfindən sadə cihazlarla;
  • 3-cü dərəcəli – banklar tərəfindən xüsusi avadanlıqlarla;
  • 4-cü dərəcəli – yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir.

Əsas məqsəd əhali tərəfindən yeni əsginasların həqiqiliyinin xüsusi bilik və səriştəsiz müəyyən olunmasını mümkün etməkdir.


media-728x90banner

Bənzər xəbərlər