media-resad

 

Azərbaycan idmanı son illərdə böyük inkişaf yolu keçib. Sirr deyil ki, 1997-ci ildə Milli Olimpiya Komitəsinə İlham Əliyevin sədr seçilməsindən sonra ölkəmizdə idmana diqqət və maraq daha da artmağa başlayıb. Bu sahə sürətlə inkişaf edib və Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Bunun nəticəsində idmançılarımız beynəlxalq yarışlarda böyük uğurlar qazanaraq ölkəmizi layiqincə təmsil ediblər. Onların qələbələri sayəsində Azərbaycanın dövlət bayrağı yüksəlib, dövlət himnimiz isə qaliblərin şərəfinə səsləndirilib. Bu anlar hər bir azərbaycanlı üçün qürurverici hisslər yaradıb. Bunun ardınca Azərbaycan idmanında, xüsusilə güləş, cüdo, boks və digər olimpiya idman növlərində böyük nailiyyətlər əldə olunub. Bu günlərdə Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşi, sərbəst güləş və qadın güləşi üzrə idmançılarımızın yüksək nəticələr göstərərək komanda hesabında Avropa çempionu olması isə yadda qalan və qürurverici anlardan biri oldu. Qalib idmançılarımızın və onların məşqçilərinin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğının göstəricisidir. Şübhəsiz ki, bu görüşlər dövlət dəstəyinin idmançılara əlavə motivasiya verdiyini və onları daha böyük uğurlara ruhlandırdığını göstərir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, görüşdə ölkə başçısının bəyan etdiyi kimi hər dəfə beynəlxalq yarışlarda Azərbaycanın bayrağı qaldırılanda bütün xalq qürur hissi keçirir və sevinir. Bu da onu göstərir ki, idman cəmiyyətimizin ayrılmaz hissəsidir və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Prezident milli komandamızı Tiranada keçirilən Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edərək vurğuladı ki, Azərbaycan güləşçiləri bir daha sübut etdilər ki, Avropada birincilər sırasındadırlar. Komanda hesabında birinci olmaq böyük nailiyyətdir. Dövlətimizin başçısı həmçinin bildirdi ki, müasir dövrdə güləş üzrə rəqabət çox güclüdür və bir çox ölkələrin tanınmış idmançıları yüksək nəticələr göstərirlər. Buna baxmayaraq Azərbaycan idmançıları peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək rəqiblərinə qalib gəlirlər. Bu da güləşimizin uğurla inkişaf etdiyini və zəngin ənənələrin davam etdiyini göstərir.
Eyni zamanda Prezident qeyd etdi ki, həm təcrübəli, həm də gənc idmançıların uğur qazanması məşq və seleksiya prosesinin düzgün qurulduğunu sübut edir. Federasiyada tanınmış idmançıların və Olimpiya çempionlarının təmsil olunması da idmanın inkişafına müsbət təsir göstərir. Məhz bu amilin nəticəsi olaraq Azərbaycan idmanı beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir. Dövlətin idmana göstərdiyi diqqət və qayğı nəticəsində bu sahə davamlı olaraq inkişaf edir, idmançılarımız isə yeni uğurlara imza atırlar.
Deputat sonda qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbəni həyatımızın hər addımında hiss edirik. Qalib dövlət və qalib xalq olaraq idman sahəsində əldə olunan uğurlar bizi xüsusilə sevindirir və qürurlandırır. Bu nailiyyətlər ölkə başçısının idmançılarla müntəzəm görüşləri, onlara göstərilən diqqət və qayğının bariz nəticəsidir. Qalib xalqın idman zəfərləri də hər birimiz üçün böyük iftixar mənbəyidir.


media-728x90banner

Bənzər xəbərlər