Qarabağ və Şərqi Zəngəzurda beynəlxalq layihələr həyata keçiriləcək
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib ki, Vətən müharibəsindəki Zəfərimizdən sonra yorulmadan bu Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək, həmçinin təsdiqləmək üçün çalışmışıq, buna nail olmuşuq. Bütün dünya bizim Zəfərmizi qəbul edir.
Milli Məclisin deputatı Aydın Hüseynov şərhində bildirib ki, Azərbaycanın Qarabağ Zəfərinin beynəlxalq səviyyədə qəbul etdirilməsi Zəfərin qazanılması qədər əhəmiyyət daşıyır və Azərbaycan Prezidentinin qətiyyəti, möhtəşəm diplomatik mübarizəsi nəticəsində Azərbaycan öz Zəfərini dünyaya qəbul etdirdi. Bu məsələ təkcə siyasi imic məsələsi deyil, bu, dövlətin təhlükəsizliyi, suverenliyi və gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıyır.
A.Hüseynov deyib: “Zəfərimizi beynəlxalq və siyasi müstəvidə təsdiqləmək o deməkdir ki, Qarabağ üzərində Azərbaycanın suverenliyi mübahisəsiz tanınır, 44 günlük Vətən müharibəsi beynəlxalq hüquqa uyğun özünümüdafiə və ərazi bütövlüyünün bərpası kimi qəbul olunur, “Status”, “mübahisəli ərazi” illərlə süni şəkildə qabardılan anlayışlar tamamilə aradan qalxır. Bu, gələcəkdə hər hansı ölkənin və ya təşkilatın məsələni yenidən qaldırmaq imkanlarını sıfıra endirir. Qələbənin dünya tərəfindən qəbul edilməsi, Ermənistanın “Qarabağ məsələsi açıq qalır” iddialarını da tamamilə iflasa uğradır.
Həmçinin revanşist siyasi dairələrin beynəlxalq dəstək tapmasının qarşısını alır. Ermənistanı sülh müqaviləsinə məcbur edən əsas psixoloji və siyasi faktora çevrilir”.
Deputat eyni zamanda qeyd edib ki, Zəfərimizin beynəlxalq müstəvidə təsdiqi xarici müdaxilə və ya “humanitar bəhanə” ilə təzyiq mexanizmlərini neytrallaşdırır, Azərbaycanın postmünaqişə dövründə tam suveren idarəetməsini möhkəmləndirib: “Bundan başqa Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilməsi Qarabağ və Şərqi Zəngəzurun beynəlxalq layihələrə açılmasını sürətləndirir.
Böyük infrastruktur, enerji və logistika layihələrində Azərbaycanın etibarlı tərəfdaş imicini gücləndirir, Azərbaycanın regional liderlik rolunu möhkəmləndirir, Azərbaycanı status-kvo yaradan yox, beynəlxalq hüququ bərpa edən dövlət kimi təqdim edir.
Beynəlxalq səviyyədə qəbul Ermənistanın onilliklər boyu apardığı təhrif olunmuş təbliğatı sıradan çıxarıb. Eləcə də Qələbənin geri dönməzliyi hissini möhkəmləndirib, milli birliyi və dövlətə inamı artırıb, Qarabağa qayıdan əhali üçün təhlükəsizlik və sabitlik mesajı verirb.
Azərbaycanın Qarabağ zəfərinin dünyada qəbul etdirilməsi, müharibəni tarixə, sülhü isə hüquqi reallığa çevirir”.










