Qarabağ: yaddaşdan quruculuğa, müharibədən sülhə və ya sülh keçmişi unutmaq demək deyil
Prezident İlham Əliyevin Bakıda dini liderlərlə görüşündə Qarabağla bağlı səsləndirdiyi fikirlərin mühüm istiqamətlərindən biri keçmişin yaddaşı ilə gələcəyin sülh gündəliyi arasında əlaqə idi. Azərbaycan üçün Qarabağ məsələsi yalnız müharibə tarixindən ibarət deyil. Bu gün həmin tarix Böyük Qayıdış, genişmiqyaslı quruculuq və regionda uzunmüddətli sülhün formalaşdırılması mərhələsinə keçib.
İşğaldan azad edilmiş ərazilərə səfər edən hər bir xarici qonaq orada iki fərqli mənzərə ilə qarşılaşır: münaqişənin və dağıntıların izləri, digər tərəfdən isə yenidən qurulan şəhərlər, kəndlər və bərpa olunan həyat. Bu iki mənzərəni bir-birindən ayırmaq mümkün deyil. Çünki bugünkü quruculuğun miqyasını anlamaq üçün həmin ərazilərin hansı vəziyyətdən bərpa edildiyini də bilmək lazımdır.
Cənab Prezidentin çıxışında Ağdam məscidinin bərpa olunan ilk obyektlərdən biri kimi xüsusi qeyd edilməsi də mühüm mənəvi məna daşıyır. Dövlət başçımız bildirdi ki, indiyədək dağıdılmış və ya ciddi zərər görmüş 12 məscid bərpa və yenidən qurulub. Bu proses yalnız binaların bərpası deyil, həmin torpaqların tarixi-mədəni yaddaşının yenidən yaşadılmasıdır.
Lakin Qarabağın bugünkü hekayəsinin ən mühüm hissəsi insanların öz doğma yurdlarına qayıtmasıdır. Dövlət başçısının görüşdə bildirdiyi rəqəmlərə görə, artıq Qarabağ və Şərqi Zəngəzurun 48 şəhər və kəndində yaşayış mövcuddur və bölgədə yaşayan, işləyən və təhsil alan insanların ümumi sayı 90 mini ötüb. Yeni evlərin, məktəblərin, yolların, səhiyyə və sosial obyektlərin yaradılması Böyük Qayıdışı sadəcə köç prosesi olmaqdan çıxararaq geniş sosial-iqtisadi dirçəliş proqramına çevirir.
Bütün bunlarla paralel Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etməsi region üçün yeni mərhələ yaradır. 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtonda imzaladığı Birgə Bəyannaməni BMT Baş katibi iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm mərhələ kimi qiymətləndirmişdi. Bu gün əsas məsələ əldə olunan irəliləyişin uzunmüddətli və dayanıqlı sülhə çevrilməsidir.
Prezident İlham Əliyevin çıxışındakı mühüm mesajlardan biri də ondan ibarət idi ki, sülh keçmişi unutmaq demək deyil. Xocalı qurbanlarının, dağıdılmış yaşayış məntəqələrinin, dini və mədəni irsə vurulmuş zərərin yaddaşda saxlanılması Azərbaycan cəmiyyətinin tarixi yaddaşının bir hissəsidir. Eyni zamanda, həmin yaddaş gələcək nəsillərin yenidən müharibə yaşamaması üçün sülhün dəyərini daha aydın göstərir.
Bu gün Qarabağda tikilən hər bir ev, açılan hər bir məktəb, bərpa olunan hər bir tarixi və dini abidə yeni mərhələnin göstəricisidir. Qarabağın gələcəyinin əsas ölçüsü yalnız nə qədər bina tikildiyi deyil, orada necə dayanıqlı həyat qurulduğu, insanların öz yurdlarında təhlükəsiz və firavan yaşaması və regionda sülhün nə dərəcədə möhkəmlənməsidir.
Tarixi yaddaşı qorumaq və gələcəyə sülhlə baxmaq bir-birini istisna etmir. Əksinə, keçmişin dərslərini unutmadan qurulan sülh daha şüurlu, qurulan şəhərlər isə daha böyük mənəvi məna daşıyır. Qarabağın bugünkü dirçəlişinin əsas mahiyyəti də məhz həyatın geri qayıtmasıdır.










