Qarabağ yenə bizim, əzəli, əbədi sahibinin oldu
Millət vəkili, Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyevanın Milli Məclisin 31 oktyabr 2025-ci tarixli plenar iclasında Böyük Zəfərin 5-ci ildönümü ilə bağlı çıxış edib.
Millət vəkilinin çıxışını təqdim edirik:
22 il əvvəl – 31 oktyabr 2003-cü il tarixində xalqın etimadıyla ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev andiçmə mərasimində bildirdi ki, hər bir Azərbaycanlının prezidenti olacaq, Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalaraq Azərbaycanın qarşısında duran bütün vəzifələri yerinə yetirəcək, taleyüklü problemimiz olan Qarabağı erməni tapdağından azad etmək üçün var gücüylə çalışacaq!
İlham Əliyev, yalnız böyük liderlərə xas iradə və əzmkarlıqla bütün vədlərinə əməl etdi, xalqının arzularını qısa zaman içərisində həqiqətə çevirdi, hər bir azərbaycanlının prezidenti olmaqla yanaşı, yaxşı prezident olmağı bacardı. O, ata vəsiyyətini yerinə yetirərək böyük Zəfərin memarı kimi adını əbədiyyən tarixə yazdı!
Tam beş il öncə, 8 noyabr tarixində Şuşanın alınmasıyla nəinki Şuşalı, bütövlükdə dağlı-aranlı Qarabağlı, Vahid Azərbaycan olduq! Həmin gün artıq düşmənin beli tam qırıldı, qarşımızda diz çökdü! Müharibəni iki gün sonra – 10 noyabr tarixində Böyük Zəfərlə başa vurduq və tarixi Qələbəyə imza atdıq!
Qələbələrimizin memarı, yazarı və yaradıcısı olan Qalib Sərkərdə, Xilaskar Prezident İlham Əliyev 2020-ci ilin noyabr ayının 8-də Şəhidlər Xiyabanından bütün dünyaya səslənərək, “Əziz Şuşa, sən azadsan!” kəlmələriylə xalqına tarixi müjdəsini verdi!
Həmin an ekran qarşısında həyəcanla Rəhbəri izləyən bizlər-hər birimiz üçün Yer yerindən, ürəklər köksündən oynadı!
Bütün Azərbaycan, Türk Dünyası sevinc göz yaşlarına qərq oldu, hamı bir-birini təbrik etdi, tanıyan-tanımayan hər kəs bir-birinə gözaydınlığı verdi, hamı bir nəfər kimi sanki yenidən dünyaya gəldi, hamımıza dünyalar bəxş olundu. Çünki Qarabağın, onun göz bəbəyi olan Şuşanın azad olunmasını biz elə o cür ipə-sapa yatmayan bir həsrətlə, sözlə ifadəsi mümkün olmayan duyğularla gözləyirdik.
Gözlədik, səbr etdik, dözdük və sonunda da Qarabağ yenə bizim, əzəli, əbədi sahibinin oldu!
Həmin gündən, 8 noyabrdan üzü bu yana artıq Qarabağda başqa bir ah-hava, başqa bir rüzgar dolaşır, başqa bir şahənşahlıq, başqa bir atəşfəşanlıq var! Azad Vətənimiz əvvəlkindən daha gözəl şəkildə, möhkəm təməllər üzərində yenidən qurulur!
Bəli, biz böyük Vətəni qururuq, yenidən cənnətə çeviririk. Xarı bülbül Vətənə dönüb!.. Böyük qayıdış baş tutub! Vətəndaşımız öz tarixi yurduna qayıdır! Bölgədə həyat qaynayır!
Ard-arda əldə edilən uğurlar şanlı Zəfər tariximizə hər gün yeni qürurverici səhifələr yazır, Azərbaycanın dünya səhnəsindəki yeri və nüfuzu getdikcə daha da güclənir. Dünyanın fövqəldövlətləri də, bölgənin parlayan ulduzuna çevrilərək ən yüksək zirvələri fəth etməkdə olan Azərbaycanı məhz Prezident İlham Əliyevin dəmir yumruğu və dəyişməz mövqeyi ilə yaratdığı təkzibedilməz reallıqlar bucağından görür və təqdir edir.
Atılan bütün uğurlu addımlar hələ yolun başlanğıcıdır. Qarşıda bizi dünyanın əsas güclərindən birinə çevrilməyin coşqusu və sevinci gözləyir!
Xalqı qarşısındakı bütün vədlərini ləyaqətlə yerinə yetirən, Azərbaycan və dünya tarixinə silinməz imzasını atan Prezident İlham Əliyevin ilk dəfə Prezident kürsüsünə qalxdığı gündən bəri onunla birlikdə bütövlüyünə, suverenliyinə doğru inamla irəliləyən və məhz onun sayəsində arzularına qovuşan hər bir Azərbaycan vətəndaşını 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə bir daha təbrik edir, möhtərəm Prezidentimizə xalqının və ölkəsinin bütövlüyü uğrunda çıxdığı böyük Yolda bitməz tükənməz güc və enerji, yeni Zəfərlər arzulayırıq!”










