media-61

Oktyabrın 7-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və humanitar siyasət komitəsinin 65-ci iclası keçirilib.

media-64

İclasda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, QDİƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin sədri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, QDİƏT Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev və quruma üzv ölkələrin parlament təmsilçiləri iştirak ediblər.

İclasın açılış mərasimində çıxış edən QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin sədri Musa Quliyev tədbir iştirakçılarını salamlayaraq, sosial rifahın yüksəldilməsi, humanitar dəyərlərin təşviqi, inklüziv cəmiyyətin qurulması istiqamətində birgə öhdəliklərin əhəmiyyətindən danışıb.

Musa Quliyev komitənin bugünkü iclasının “QDİƏT regionunda davamlı sosial-iqtisadi inkişaf üçün süni intellekt – sosial aspektlər” mövzusuna həsr olunduğunu diqqətə çatdırıb. O, hazırda bütün dünyada süni intellektin geniş yayılmaqda olduğunu deyərək, cari ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın hazırlandığını vurğulayıb. Sənədin ölkəmizdə süni intellektin inkişafının sürətləndirilməsi, bu sahədə tədqiqatların aparılmasının təşviqi, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi baxımından önəmindən bəhs edib.

Qeyd olunub ki, bugünkü iclasda komitənin 2025-ci il 23-25 ​​noyabr tarixlərində Sofiyada keçiriləcək QDİƏT PA-in 66-cı Baş Assambleyasına təqdim olunacaq məruzə və tövsiyə layihələrinə baxılacaq.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini  Ziyafət Əsgərov bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı bu gün regionumuzun səmərəli əməkdaşlıq platformalarından biri hesab edilir. Qurumun Parlament Assambleyası isə xalqlarımız arasında qarşılıqlı etimadın, dialoqun və həmrəyliyin inkişafına ciddi töhfə verir. Təşkilat müxtəlif sahələrdə ortaq problemlərin müzakirəsi və təcrübə mübadiləsi üçün vacib bir tribuna kimi çıxış edir. Vitse-spiker diqqətə çatdırıb ki, bu il iyunun 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə QDİƏT PA-nin 65-ci Baş Assambleyası  Bakı şəhərində uğurla keçirilib. Təşkilatın tarixində ilk dəfə olaraq üç ölkənin – Azərbaycan, Bolqarıstan və Şimali Makedoniyanın parlament sədrləri  tədbirdə iştirak ediblər.

O, bugünkü iclasda müzakirəyə çıxarılan mövzunun vacibliyini və aktuallığını qeyd edərək, süni intellektin sosial xidmətlərin təkmilləşdirilməsi, həssas qruplara dəstək, fərdi təhsil, səhiyyədə diaqnostikanın daha dəqiq inkişafı və effektiv sosial təminat sisteminin formalaşması üçün böyük potensiala malik olduğunu söyləyib.

Ziyafət Əsgərov vurğulayıb ki, Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsini Azərbaycanın qarşısında duran strateji vəzifələrdən biri olaraq müəyyən edib. O, qeyd edib ki, dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial  problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Bildirilib ki, dövlət başçısının 2018-2025-ci illər ərzində ölkəmizdə reallaşdırılan 5 sosial islahat paketi çərçivəsində imzaladığı sərəncam və fərmanlar öz əhatə dairəsinə görə inqilabi qərarlar hesab olunur.

Vitse-spiker, habelə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına həyata keçirməklə, öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad edərək, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına nail olub. Bildirilib ki, Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.

Ziyafət Əsgərov bu il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh müqaviləsinin mətninin paraflandığını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan tərəfindən Vaşinqtonda keçirilmiş görüşə dair Birgə Bəyannamənin imzalandığını nəzərə çatdırıb və əldə edilmiş razılaşmanın tarixi əhəmiyyətindən bəhs edib.

O, QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin iclası çərçivəsində aparılan müzakirələrin və qəbul olunan qərarların üzv ölkələr arasında əməkdaşlığın daha da güclənməsinə, sosial və humanitar sahədə qarşılıqlı dəstəyin artmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra tədbirdə QDİƏT PA-nın maliyyə məsələləri üzrə sədr müavini, qurumda nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev çıxış edib. O, hazırda Azərbaycanın öz sosial-iqtisadi inkişafına görə regionun lider dövlətinə çevrildiyini, dünyada yüksək nüfuza sahib ölkələrdən biri olduğunu vurğulayıb. Azərbaycanda davamlı olaraq bir çox mötəbər beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyini nəzərə çatdıraraq, bu günlərdə Qəbələ şəhərində ölkəmizin Türk Dövlətləri Təşkilatının növbəti sammitinə yüksək səviyyədə ev sahibliyini xüsusi qeyd edib. Bununla yanaşı, Gəncə şəhərində III MDB Oyunlarının uğurla təşkil olunduğunu söyləyib.

Eldar Quliyev, habelə Azərbaycanın təşəbbüskarı olduğu sülh müqaviləsinin tez bir zamanda imzalanacağına inamını ifadə edərək, dövlətimiz tərəfindən bu istiqamətdə zəruri addımların atıldığını vurğulayıb.

O, hazırda ölkəmizdə davamlı inkişaf, insanların rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən layihələrin önəmindən danışıb, bu sahədə təqdirəlayiq nailiyyətlərin əldə edildiyini söyləyib. Bugünkü iclasın sosial məsələlər sahəsində yeni təşəbbüslərin irəli sürülməsi baxımından əhəmiyyətini qeyd edib.

Daha sonra QDİƏT Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev çıxış edərək, Milli Məclisin sədri Sahibə Qafarovaya bu tədbirin yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, müzakirəyə çıxarılan mövzunun aktuallığından danışaraq, müasir həyatın ayrılmaz hissəsi olan süni intellektin tətbiq sahələrindən, onun  müsbət tərəflərindən və bəzi mənfi təsirlərindən söhbət açıb. Bugünkü iclasın region ölkələrinin dayanıqlı sosial-iqtisadi inkişafı sahəsində süni intellektdən istifadənin təmin edilməsi, bu istiqamətdə təcrübə mübadiləsinin aparılması nöqteyi-nəzərindən vacibliyindən bəhs edib. Baş katib süni intellektin tənzimlənməsində parlamentlərin rolunu xüsusi qeyd edib.

Sonra tədbir iştirakçıları ailə fotosu çəkdiriblər.

*   *   *

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Sosial və humanitar Siyasət komitəsinin 65-ci iclasının açılış mərasimindən sonra komitə işini gündəlikdəki məsələlərin müzakirəsi ilə davam etdirib.

Əvvəlcə komitənin əvvəlki iclaslarının protokolları nəzərdən keçirilərək qəbul olunub. Sonra QDİƏT PA-da nümayəndə heyətimizin üzvü deputat Səbinə Salmanova gündəliyin əsas müzakirə mövzusu olan  “QDİƏT regionunda davamlı sosial-iqtisadi inkişaf üçün süni intellekt – sosial aspekt” mövzusu üzrə hesabat layihəsini təqdim edib. Süni intellektin tətbiqi məsələləri, üstünlükləri və riskləri  barədə danışan Səbinə Salmanova onun ədalətli və güclü cəmiyyətin qurulmasında, sosial rifahın yüksəldilməsində, eləcə də dayanıqlı inkişaf hədəflərinə çatmaqda oynadığı rolu vurğulayıb.

Eyni mövzu üzrə komitənin tövsiyə qərarının layihəsini komitə sədri Musa Quliyev təqdim edib. O, süni intellektin tətbiqinin etik və hüquqi çərçivəsinin prinsipləri, standartları, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlərlə bağlı komitənin üzv ölkələrə tövsiyələrini diqqətə çatdırıb.

Müzakirələrdə komitə üzvləri insanlar üçün süni intellekt imkanlarının əlçatanlığının artırılması yolları və onun yarada biləcəyi potensial riskləri, etik və hüquqi məsələləri, həmçinin insan həyatına və əmək bazarına təsirləri ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

Hesabat və tövsiyə layihələrinin qəbulundan sonra komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.


media-728x90banner

Bənzər xəbərlər