media-etm1

Çiy əti mətbəxdə yumaq ciddi risklərlə nəticələnə bilər.

Bir çox insan çiy əti bişirməzdən əvvəl yumağa vərdiş edib və bunun məhsulun təmizliyi ilə təhlükəsizliyi üçün mütləq olduğunu düşünür.

Lakin həkimlərin və beynəlxalq qida təhlükəsizliyi təşkilatlarının müasir tövsiyələri göstərir ki, bu vərdiş nəinki gərəksizdir, həm də olduqca təhlükəli ola bilər.

“Dobrobut” tibb şəbəkəsinin infeksionist həkimi Aleksandra Pleşakova UNİAN-a verdiyi açıqlamada əti bişirməzdən əvvəl yumağın fəsadlarını və müasir təbabətin niyə bu təcrübədən imtina etməyi məsləhət gördüyünü izah edib.

Həkimin sözlərinə görə, Qərb ölkələrinin qida hazırlama qaydalarına nəzər saldıqda aydın olur ki, mal, donuz, quş və ya ov əti olmasından asılı olmayaraq, bişirməzdən əvvəl onu yumağa heç bir ehtiyac yoxdur.

Gigiyenik baxımdan aşpazların əti yumamasının səbəbi “çarpaz çirklənmə” (cross-contamination) riskidir. Yəni, yuma zamanı ətdəki bakteriyalar digər səthlərə və məhsullara yayıla bilir.

Mütəxəssis qeyd edib ki, ət yuyularkən su damcıları mikroorqanizmlərlə birlikdə lavabonun (çanağın) ətrafına təxminən bir metr məsafəyə qədər sıçrayır, bıçaqlara, lövhələrə, qablara və ya hazır yeməklərə hopur. Hətta adi təmizlikdən sonra belə bu çirklənməni tamamilə aradan qaldırmaq həmişə mümkün olmur.

Bununla belə, həkim bu qaydadan yeganə istisnanın yalnız marinad olunmuş (basdırma edilmiş) ət ola biləcəyini dəqiqləşdirib:

“Amerika təlimatlarında qeyd olunur ki, əti marinad etməzdən əvvəl yumuruq, lakin marinaddan çıxardıqdan sonra onu yaxalamaq və yalnız bundan sonra bişirmək lazımdır”.

Pleşakova vurğulayıb ki, bu qayda eyni dərəcədə mal, donuz və quş ətinə də şamil edilir.

Ekspertin fikrincə, toyuq ətini yumağın əleyhinə olan digər bir fakt isə yuma prosedurunun məhsulu ümumiyyətlə daha təhlükəsiz etməməsidir. Çünki ətin səthindəki bakteriyalar kifayət qədər termik emal (bişirilmə) zamanı onsuz da məhv olur:

“Araşdırmalar göstərir ki, ətin səthində olan bütün bakteriyalar yüksək temperaturda bişirilərkən tələf olur və insan üçün heç bir təhlükə yaratmır”.

Məhz buna görə də ekspertlər əti az bişmiş və ya çiy halda yeməyi tövsiyə etmirlər. Əgər məhsulun özü potensial risk daşıyırsa, onun çiy istehlakını təhlükəsiz edəcək hər hansı bir yuma təlimatı mövcud deyil.

Həkim həmçinin ətin düzgün saxlanmasının da vacibliyini vurğulayıb. O, çiy ət və ya balığın hazır məhsullarla təmasından qaçınmağı, onlar üçün ayrıca kəsmə lövhələri və bıçaqlardan istifadə etməyi, ətin paketini isə dərhal zibil qutusuna atmağı məsləhət görüb.

Eyni zamanda, infeksionist çiy əti suda və ya duzlu məhlullarda saxlamağı (islatmağı) da tövsiyə etmir, çünki bu da bakteriyaların yayılma riskini azaltmır:

“Bu üsul məsləhət görülmür, çünki xeyrindən çox ziyanı var”, – deyə Pleşakova fikrini yekunlaşdırıb.


media-728x90banner

Bənzər xəbərlər