1993-cü ilin avqustunda Füzuli rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal olundu. Bu acı hadisə yüzlərlə ailənin dağılmasına, insanların şəhid, əsir və itkin düşməsi ilə nəticələndi. Lakin 1994-cü ilin yanvarında Azərbaycan ordusu əzmkarlıq göstərərək rayonun 22 kəndini azad etdi. Bu itirilmiş torpaqların geri qaytarılması yolunda atılan ilk uğurlu addımlardan biri idi. İşğaldan sonra Füzuli rayonunun qədim tarixi izləri ciddi şəkildə məhv edildi. Əsrlərlə ayaqda qalan türbələr və dini abidələr dağıdıldı, tamamilə yox edildi. Bu vandalizm aktı xaincəsinə, planlı şəkildə aparılmışdı, məqsəd xalqın mədəni yaddaşını silmək idi.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, Füzulinin azad olunması 44 günlük Vətən müharibəsində qələbəyə gedən yolun ilk böyük addımı oldu. Düşmən bu reallığı yaxşı bildiyindən rayonu 30 il ərzində möhkəm istehkamlarla əhatəyə almış, keçilməz zolağa çevirmişdi. Bir çoxları bu xətti yarmağın mümkünsüz olduğunu düşünürdü. Ancaq Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə təkcə səngərləri deyil, illərlə qurulan mifləri də darmadağın etdi. Qətiyyət və rəşadətin qüdrəti ilə 17 oktyabr 2020-ci ildə Füzuli azad olundu. Bu tarix düşmənin silahını atıb döyüş meydanından qaçdığı, haqqın və ədalətin zəfər çaldığı gündür. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 17 oktyabr Füzuli şəhəri günü kimi tarixə qovuşdu. Təqvimin bu günü xalqın qürurunun, dirənişinin və torpağına qayıdışının rəmzinə çevrildi.
Füzuli rayonu azad edilən ərazilər arasında mina təhlükəsinin miqyasına görə ən ağır vəziyyətdə olan bölgələrdən biridir. Ermənistanın burada 100 mindən artıq mina basdırması düşmənin regionda uzunmüddətli sabitliyə, sülhə və insan həyatına qarşı məqsədli şəkildə yönəlmiş siyasətinin bariz nümunəsidir. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə xüsusilə də Füzulidə iradəli və ardıcıl siyasət həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu bölgədə yalnız dağıntıların aradan qaldırılmır, həm də strateji əhəmiyyət daşıyan yeni infrastrukturun qurulması təmin edilir. Bu siyasət bir daha sübut edir ki, Azərbaycan öz ərazi bütövlüyünü yalnız hərbi baxımdan yox, həm də siyasi və iqtisadi baxımdan möhkəmləndirməyə davam edir. Füzuli rayonu işğaldan azad olunandan sonra Azərbaycanın Böyük Qayıdış siyasətinin başlanğıc nöqtəsinə çevrilib. 2023-cü ilin avqustundan etibarən yüzlərlə ailə doğma yurdlarına qayıdaraq burada yeni həyat qurur. Bu da dövlətin milli suverenlik və ərazi bütövlüyünü möhkəmləndirməkdə qətiyyətini nümayiş etdirir. Proses yalnız yerli imkanlarla deyil, həm də qardaş ölkələrin dəstəyi ilə uğurla davam etdirilir. Özbəkistanın Füzulidə inşa etdiyi müasir məktəb və Qazaxıstanın yaratdığı Uşaq Yaradıcılıq Mərkəzi türk dünyasının birliyinin və Azərbaycanla qardaşlıq münasibətlərinin güclü göstəricisidir.
Ən son texnoloji və memarlıq standartlarla bərpa olunan Füzuli Azərbaycan xalqının birliyini və beynəlxalq dostluq əlaqələrini əks etdirən müasir şəhər kimi yendən qurulur.
Deputat sonda qeyd edib ki, bu gün Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində azad edilən Füzuli sakinləri doğma yurdlarında rahat və təhlükəsiz həyat sürürlər. Bölgədə genişmiqyaslı quruculuq işləri aparılır, dağıdılmış ərazilərdə yeni binalar tikilərək yenidənqurma prosesi sürətlə davam edir. Prezident İlham Əliyevin qəti iradəsi ilə azad olunmuş bu gözəl diyar sürətlə inkişaf dövrünü yaşayır. Füzulilər əmindirlər ki, bir daha bu müqəddəs torpağa düşmən ayağı dəyməyəcək. Ölkəmizin hər qarışı kimi Füzuli də möhkəm və etibarlı əllərdədir.


media-728x90banner

Bənzər xəbərlər