Qlobal Bakı Forumunda sülh çağırışı
Azərbaycanın beynəlxalq dialoq platformasına çevrilmiş Qlobal Bakı Forumunda səsləndirilən fikirlər müasir dünyanın qarşısında duran əsas çağırışları bir daha gündəmə gətirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 12-də keçirilən XIII Qlobal Bakı Forumunda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxış edərək qlobal təhlükəsizlik, regional sabitlik və enerji təhlükəsizliyi ilə bağlı mühüm mesajlar səsləndirdi.
Azərbaycanın beynəlxalq dialoq platformasına çevrilmiş Qlobal Bakı Forumunda səsləndirilən fikirlər müasir dünyanın qarşısında duran əsas çağırışları bir daha gündəmə gətirdi.
Prezident çıxışında xüsusi vurğuladı ki, hazırkı geosiyasi şəraitdə təhlükəsizlik və sabitlik hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Dünyada yeni münaqişə ocaqlarının yaranması, uzunmüddətli qarşıdurmaların davam etməsi və beynəlxalq hüququn selektiv tətbiqi dövlətlərin təhlükəsizlik siyasətinə daha məsuliyyətlə yanaşmasını tələb edir.
Dövlət başçısı Azərbaycanın regional təhlükəsizlik məsələlərinə yanaşmasından da geniş bəhs edib. Qeyd olundu ki, Azərbaycan uzun illər işğalla üz-üzə qalmış və təxminən 30 il ərzində ərazilərinin 20 faizi işğal altında olmuşdur. Lakin ölkəmiz beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə nail oldu.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan işğal olunmuş torpaqları hərbi-siyasi yollarla azad etməklə yanaşı, regionda davamlı sülhün təmin olunması üçün ardıcıl siyasət yürüdür. Bu gün Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi regionda yeni reallıqlar yaradıb və artıq yeddi aydır ki, sərhəddə sabitlik hökm sürür.
Çıxışda diqqət çəkən mühüm məqamlardan biri də enerji təhlükəsizliyi məsələsi idi. Müasir dünyada enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyini vurğulayan Prezident Azərbaycanın bu sahədə etibarlı tərəfdaş kimi rolunu xüsusi qeyd etdi. Son illərdə ölkəmizdən təbii qaz alan dövlətlərin sayının artması Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyinin gücləndiyini göstərir.
Eyni zamanda dövlət başçısı Azərbaycanın beynəlxalq nəqliyyat və logistika layihələrində oynadığı rola da toxundu. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında mühüm tərəfdaş olduğunu qeyd edən Prezident bu layihələrin qlobal ticarət və iqtisadi əməkdaşlıq üçün böyük əhəmiyyət daşıdığını bildirdi.
Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində oynadığı rolu bir daha aydın şəkildə nümayiş etdirdi. Azərbaycanın sülh təşəbbüsləri, enerji təhlükəsizliyinə verdiyi töhfə və nəqliyyat-logistika layihələrindəki fəallığı ölkəmizin regionda və dünyada etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Bu baxımdan Qlobal Bakı Forumu yalnız fikir mübadiləsi platforması deyil, həm də beynəlxalq əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün mühüm siyasi dialoq məkanı kimi çıxış edir.
Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı










