Qlobal münaqişələr fonunda Azərbaycanın dayanıqlı inkişaf və sabitlik strategiyası
Müasir beynəlxalq münasibətlər sistemində münaqişələrin xarakteri və dinamikası ciddi şəkildə dəyişib. Ənənəvi müharibələr uzunmüddətli, çoxşaxəli və qeyri-müəyyən nəticələrlə müşayiət olunur. Bu baxımdan hazırda davam edən silahlı qarşıdurmalar qlobal təhlükəsizlik arxitekturasının zəifliyini və beynəlxalq institutların effektivliyinin azalmasını açıq şəkildə göstərir.
Son illərin ən mühüm nümunələrindən biri olan Rusiya–Ukrayna müharibəsi artıq dörd ildən çoxdur davam etməklə göstərir ki, hətta böyük güclər belə bu tip genişmiqyaslı münaqişələri qısa müddətdə nəzarət altına ala və yekunlaşdıra bilmir; nəticədə isə proses uzandıqca ağır humanitar itkilər, dərin iqtisadi sarsıntılar və genişmiqyaslı dağıntılar qaçılmaz olur.
Digər tərəfdən Yaxın Şərqdə müşahidə olunan İran–ABŞ–İsrail qarşıdurması göstərir ki, regional münaqişələr artıq qlobal xarakter alma potensialına malikdir. Bu müharibənin gözlənildiyindən daha uzun çəkməsi və diplomatik təşəbbüslərin uzun müddət ciddi bir nəticə verməməsi beynəlxalq sistemdə güc balansının nə qədər kövrək olduğunu ortaya qoyur.
Belə bir mürəkkəb və qeyri-sabit fonunda Azərbaycanın təcrübəsi fərqli bir model kimi diqqəti cəlb edir. 44 günlük Vətən müharibəsi müasir dövrdə nadir hallarda rast gəlinən – qısa müddətdə konkret siyasi və hərbi nəticə ilə yekunlaşan münaqişə nümunəsidir. Bu, yalnız hərbi üstünlük deyil, eyni zamanda strateji planlama və siyasi iradənin sinxron fəaliyyətinin nəticəsi idi.
2023-cü ildə həyata keçirilmiş Azərbaycanın antiterror tədbirləri isə bu yanaşmanın davamı kimi qiymətləndirilə bilər. Qısa müddətdə həyata keçirilən və konkret nəticə verən bu tədbirlər müasir müharibələrdə sürət və dəqiqliyin həlledici rolunu bir daha təsdiqlədi.
BAzərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, əldə edilən qələbələr uzunmüddətli strategiyanın nəticəsidir və bu proses həm hərbi, həm də siyasi müstəvidə paralel şəkildə aparılıb. Onun çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan yalnız döyüş meydanında deyil, diplomatik müstəvidə də məqsədlərinə nail olub və bu iki istiqamətin vəhdəti yekun nəticəni təmin edib.
Eyni zamanda Prezident İlham Əliyev postmünaqişə mərhələsində ölkənin inkişaf kursunun dəyişmədiyini xüsusi vurğulayaraq bildirir ki, Azərbaycan bu gün sabitlik, təhlükəsizlik və inkişaf məkanı kimi öz mövqeyini daha da möhkəmləndirir. Bu yanaşma ölkənin yalnız hərbi qələbə qazanan deyil, həm də davamlı sülh və rifah quruculuğuna yönələn strateji xəttini ifadə edir.
Məhz bu strateji baxış nəticəsində Azərbaycan bu gün qeyri-sabit regionda “sabitlik adası” kimi çıxış edir. Qlobal və regional təlatümlərə baxmayaraq, ölkədə siyasi sabitlik qorunur, idarəetmə sistemi davamlı şəkildə fəaliyyət göstərir və strateji qərarlar ardıcıl şəkildə icra olunur. Bu sabitlik iqtisadi müstəvidə də özünü göstərir: enerji layihələri, nəqliyyat dəhlizləri və regional əməkdaşlıq təşəbbüsləri Azərbaycanın dayanıqlı inkişaf modelini formalaşdırır.
Xüsusilə Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol onu beynəlxalq arenada etibarlı tərəfdaşa çevirib. Avropanın enerji şaxələndirmə siyasətində Azərbaycanın yeri getdikcə daha da möhkəmlənir. Bu isə ölkənin yalnız regional deyil, qlobal səviyyədə strateji əhəmiyyətini artırır.
Bununla yanaşı, Azərbaycan beynəlxalq diplomatiyada aktiv və balanslı siyasət yürüdərək müxtəlif güc mərkəzləri arasında etibarlı tərəfdaş kimi çıxış edir. Ölkə qarşıdurmaların deyil, əməkdaşlığın tərəfdarı kimi mövqe sərgiləyir və bu da onun beynəlxalq nüfuzunu daha da artırır.
Nəticə etibarilə, bu gün dünyada davam edən uzunmüddətli və nəticəsiz münaqişələr fonunda Azərbaycan modeli sübut edir ki, güclü siyasi iradə, düzgün strateji planlama, milli həmrəylik və effektiv idarəetmə qısa müddətdə həlledici nəticələr əldə etməyə imkan verir.
Eyni zamanda bu model göstərir ki, sabitlik təsadüfi deyil – o, düşünülmüş siyasətin, ardıcıl inkişaf kursunun və milli maraqlara əsaslanan strateji yanaşmanın məntiqi nəticəsidir.
Fərid Şahbazlı











