Qubada Dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub.
23 iyun 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi, Quba rayonunda müxtəlif təşkilatlarda çalışan dövlət qulluqçuları 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsini ziyarət etmiş, Ümummilli Liderimizin abidəsinin qarşısına gül dəstələri qoymuşlar.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov rayonda çalışan dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik etmiş, ölkə rəhbərliyi tərəfindən bütün digər sahələrdə çalışan şəxslər kimi dövlət qulluqçularına da göstərilən yüksək dövlət qayğısı barədə ətraflı danışmış, dövlət qulluqçularının üzərinə düşən mühüm məsələlərə toxunmuşdur.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixdə imzaladığı Sərəncama əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin baş məsləhətçisi Pərviz Zeynalovu, bu yaxınlarda RİHB aparatında əmək fəaliyyətinə başlamasının 25 ili tamam olmuş İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynurə Yəhyayevanı və yaxın günlərdə 65 yaşı tamam olacaq rayon Statistika İdarəsinin rəisi Sahib Məmmədovu qəbul edərək onlara təbriklərini çatdırmış, Rayon İcra Hakimiyyəti adından fəxri fərman və hədiyyələr təqdim etmişdir.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Quba Rayon Məhkəməsində və Quba “ASAN Xidmət” mərkəzində çalışan bir qrup dövlət qulluqçusunu qəbul edərək onları Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə təbrik etmiş, Rayon İcra Hakimiyyəti adından fəxri fərman və hədiyyələr təqdim etmişdir. Dövlət qulluqçuları da öz növbələrində onlara göstərilən diqqətə görə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova təşəkkürlərini bildirmişlər.