Qubada möhtəşəm bayram tədbiri keçirilib
Qubada 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə möhtəşəm bayram tədbiri keçirilib.
26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Quba şəhərinin Nizami adına Mədəniyyət və İstirahət parkında Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Beynəlxalq Bankının birgə təşkilatçılığı ilə “Qalib ordu, güclü Vətən” adlı konsert proqramı keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Beynəlxalq Bankının korporativ biznes ofisinin direktoru Ülvi Qasımov, Rayon İcra Hakimiyyətinin və Azərbaycan Beynəlxalq Bankının məsul şəxsləri, YAP Quba rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarını, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirin rəsmi hissəsində çıxışlarda Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyununda ölkəni dərin iqtisadi, siyasi böhrandan, acınacaqlı vəziyyətdən xilas etmək üçün xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından, sülh və əmin-amanlığın bərpa edilməsi üçün mənfur düşmənlə atəşkəs əldə olunmasından bəhs edilmişdir. Qeyd olunmuşdur ki, ölkədə sabitlik bərqərar edildikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də inkişafa nail olunmuş, Ulu Öndərin misilsiz xidmətləri və gərgin əməyi nəticəsində qısa zaman kəsiyində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradılmışdır. Diqqətə çatdırılmışdır ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə yüksək maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik ordu formalaşmışdır. Bildirilmişdir ki, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etmiş, əsgər və zabitlərimiz nümayiş etdirdikləri igidlik və şücaət ilə qəhrəmanlıq dastanı yaratmışlar.
Tədbir bir-birindən maraqlı rəngarəng nömrələrlə yaddaşlarda qalmış, respublikamızın tanınmış incəsənət ifaçıları musiqi nömrələri ilə çıxışlar etmiş, sonda möhtəşəm atəşfəşanlıq təşkil olunmuşdur.