Qubadlıya öz sahibləri qayıdıb
Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.”
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub-şərq hissəsində yerləşir. Onun sahəsi 802 kvadrat kilometrdir. Rayon qərbdən Ermənistanla, şimaldan Laçın və Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. Ərazidən Bərgüşad və Həkəri çayları axır. Qubadlının torpaqları bərəkətli, təbiəti isə çox zəngindir. “Yazı düzü”, “Gəyən” və “Məzrə” kimi düzənliklərdə bol məhsul yetişdirilirdi.
İşğala qədər Qubadlıda əsas məşğuliyyət sahələri əkinçilik və heyvandarlıq idi. Rayonun ərazisində taxıl, üzüm, tütün, bostan və digər kənd təsərrüfatı məhsulları becərilirdi. Tütünçülük Qubadlının iqtisadiyyatında mühüm yer tuturdu. Həkəri və Bərgüşad çaylarının vadiləri, eləcə də “Gəyən” və “Yazı” düzləri məhsuldarlığı ilə seçilirdi.
1988-ci ildən başlayaraq Ermənistanın təcavüzkar hücumlarına məruz qalan Qubadlı 1993-cü il avqustun 31-də tamamilə işğal edildi. İşğal nəticəsində 29 997 nəfər sakin məcburi köçkün düşdü. 94 kənd, minlərlə ev, məktəb, mədəniyyət ocaqları, məscidlər və infrastruktur tamamilə dağıdıldı. Ermənilər bu torpaqlarda qanunsuz məskunlaşma siyasəti həyata keçirdilər ki, bu da beynəlxalq hüququn kobud şəkildə pozulması idi.
2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərdi. 25 oktyabr tarixində Qubadlı şəhərinin azad olunması müharibənin gedişatında mühüm dönüş nöqtəsi oldu. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıqla həyata keçirildi. Əvvəlcə şəhərə hakim yüksəkliklər, sonra isə Qubadlı və onun kəndləri azad edildi. Bu qələbə Zəfər Gününə aparan yolda mühüm mərhələ idi.
Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad olunduqdan sonra burada geniş bərpa və quruculuq işlərinə start verildi. 2021-ci ildə “Qubadlı” yarımstansiyasının açılışı, “Qubadlı” gömrük postunun yaradılması, həmçinin Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması bu işlərin bir hissəsidir.
Prezident İlham Əliyevin sərəncamı ilə 25 oktyabr – Qubadlı şəhəri günü elan edilib. Qubadlı artıq sürətlə yenidən qurulur, yollar, məktəblər, xəstəxanalar, yeni yaşayış məhəllələri salınır.
2025-ci ildə təsdiqlənmiş Qubadlının 2040-cı ilə qədər Baş planı rayonun yeni inkişaf mərhələsini müəyyən edir. Qubadlıda müasir infrastruktur, sənaye və kənd təsərrüfatı sahələri, eyni zamanda yüksək keyfiyyətli sosial xidmətlər yaradılacaq. Bu gün Qubadlıya həyat qayıdır — torpaqlarına, kəndlərinə və şəhərinə yenidən Azərbaycan nəfəsi dolur.
Qubadlının azadlığı Azərbaycan xalqının birlik və qəhrəmanlığının parlaq nümunəsidir.
25 Oktyabr — bu gün Qubadlının və bütün Azərbaycanın qürur günüdür.
Qubadlı yenidən doğulur, çünki onun sahibləri geri dönüb — Azərbaycan xalqı!
Bütün Qubadlıları ürəkdən təbrik edirik!
Ülviyyə Həməzyeva
Millət vəkili











