Razi Nurullayev əhalini narahat edən məsələlərdən danışdı
“18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü tariximizin ən şanlı səhifələrindən biridir.
1991-ci ildə xalqımız buxovları sındıraraq öz müstəqil dövlətini yenidən bərpa etdi və azadlıq arzusunu gerçəkləşdirdi. Bu əlamətdar gündə, qəhrəman xalqımızın birliyini, azadlıq sevgisini və qətiyyətini bir daha xatırlayırıq. Müstəqilliyimiz əbədidir!”
XALQ.AZ xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. Deputat qeyd edib ki, bununla bərabər, bu gün ölkəmizin tam müstəqil siyasət yürütməsi bir çox ölkələrin xoşuna gəlmir:
“Ölkələrin hamısı müstəqil olduğunu bəyan edir, amma onlar doğrudanmı müstəqildir? Müstəqillik var ki, yalnız kağız üzərində mövcuddur. O cür müstəqilliyi qəbul etmək istəmədiyimiz üçün təzyiqlərlə üzləşirik. Bu gün fəxrlə deyirik ki, biz doğrudan da tam müstəqil dövlətik və tam müstəqil siyasət yürüdə bilirik. Məgər bu xalqımızın əldə etdiyi ən böyük xöşbəxtlik deyilmi? Yaşasın müstəqil və suveren Azərbaycan!”
Çıxışının davamında Razi Nurullayev bəzi sosial problemlərə də toxunub. R.Nurullayev bildirib ki, bəzi binalarda, evlərdə təbii qaz yoxdur:
“Həmin binalar və evlər də hər kəs kimi elektrik enerjisinə görə bərabər tarif ödəyir. Bu məsələ ciddi narazılıq yaradır və xeyli müraciətlər almışam. Elə deputatı olduğum İmişlidə də belə binalar və yerlər var. Səbəb isə binalar tikilən zaman təbii qaz infrastrukturunun nəzərə alınmamasıdır. Amma bu, vətəndaşın günahı deyil ki.
Mən araşdırdım və gördüm ki, bir sıra ölkələrdə bunlar nəzərə alınıb və bu tip binalarda yaşayanlara elektrik enerjisi güzəştli tariflərlə satılır. Obyektiv səbəblərdən təbii qazla təmin olunmayan bina və evlərdə yaşayanların güzəştli şərtlərlə elektrik enerjisi ilə təmin olunmasını təklif edirəm. Qarşıdan qış gəlir və havalar artıq soyuyib. Bu məsələnin tez bir zamanda müzakirəsinin keçirilməsini vacib bilirəm. Həm də aidiyyəti dövlət orqanlarının, o cümlədən Nazirlər Kabinetinin bu məsələ ilə bağlı mövcud durum, gələcək planlar haqqında bizə də məlumat verməsini xahiş edirəm”.










