media-res

 

Azərbaycan Qazaxıstan münasibətləri coğrafi yaxınlıqla yox, ortaq dəyərlər və strateji məqsədlərlə bərabər formalaşan regional əməkdaşlıq nümunəsidir. Prezident İlham Əliyevin Qazaxıstana səfəri öncəsi “Kazinform”-a verdiyi müsahibə də bu münasibətlərin nə qədər dərin və çoxşaxəli olduğunu bir daha nümayiş etdirdi.
Şübhəsiz ki, qeyd etmək vacibdir ki, bu əlaqələrin əsas sütunu ilk öncə qarşılıqlı siyasi etimaddır. Liderlər arasında ardıcıl dialoq, açıq siyasi koordinasiya hər iki ölkənin bir-birinə strateji tərəfdaş kimi yanaşdığını göstərir. Bu həm də ortaq regional baxışla möhkəmlənən bir münasibətdir.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

Deputatın fikrincə, Prezident müsahibədə açıq şəkildə bəyan etdi ki, iqtisadi tərəfdaşlıq isə getdikcə daha real və praktik nəticələr verir. Orta Dəhliz boyunca əməkdaşlıq, limanların inkişafı və ticarət dövriyyəsində artım iki ölkənin Avrasiya nəqliyyat xəritəsində vacib rol oynadığını göstərir ki, bu da iqtisadi inteqrasiyanın və regional güc mərkəzinin formalaşmasıdır.

Energetika sahəsində əməkdaşlıq da əhəmiyyətlidir. Azərbaycan üzərindən Qazaxıstan neftinin ixracı, həmçinin bərpaolunan enerji layihələrində ortaq fəaliyyət hər iki ölkənin gələcəyə yönəlmiş enerji siyasətindən xəbər verir. Bu əməkdaşlıq həm iqtisadi, həm də ekoloji baxımdan uzunmüddətli hədəflərə xidmət edir.
Bütün bu sahələrdə əlaqələrin daha da dərinləşməsi isə Türk Dövlətləri Təşkilatının təqdim etdiyi platforma üzərindən genişlənir. Bu təşkilat Azərbaycan və Qazaxıstan üçün sadəcə mədəniyyət və tarix birliyi deyil, həm də geosiyasi mövqelərinin güclənməsi üçün mühüm vasitədir. Xəzər dənizi ilə bağlı ortaq ekoloji narahatlıqlar isə əməkdaşlığın bir başqa istiqamətini önə çıxarır. Suyun səviyyəsinin azalması və ətraf mühitə olan təsirlər ortaq tədbirlərin, elmi araşdırmaların və siyasətin koordinasiyasını tələb edir.

Prezident müsahibəsində Azərbaycan və Qazaxıstan arasında mədəni və humanitar əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq bildirdi ki, xalqları birləşdirən ortaq tarix, mədəniyyət və dəyərlər bu münasibətlərin möhkəmlənməsində əsas amillərdəndir. 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi iki ölkə arasında mədəni əlaqələrin dinamik inkişafını əks etdirir. Qazax yazıçısı Kemel Tokayevin əsərinin Azərbaycan dilində nəşri, eləcə də Mir Cəlal Paşayevin yubileyi münasibətilə təşkil olunan beynəlxalq konfranslar bu sahədə əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirir.
Deputat sonda qeyd edib ki, bütövlükdə Azərbaycan Qazaxıstan münasibətləri yalnız iki ölkə üçün deyil, eyni zamanda bütün Türk dünyasının gələcəyini müəyyən edən birgə strateji xəritənin əsas istiqamətlərindən biridir. Bu münasibətlər Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə və qarşılıqlı etimada əsaslanan inteqrasiya modelinin formalaşmasına xidmət edir. Azərbaycan liderinin müsahibəsində isə bütün bu məsələlərə aydın və əhatəli şəkildə toxunuldu.


media-728x90banner

Bənzər xəbərlər