media-resad

Goranboy sakini bir ilə yaxın işlədiyi tikinti şirkətindən maaşını tam ala bilmədiyini iddia edir.

“Xəzər Xəbər”in vatsap qaynar xəttinə müraciət edən rayonun Aşağı Ballıqaya kəndində yaşayan Elçin Cəlilovun dediyinə görə, Goranboyda bina tikintisində 11 ay fəhlə olaraq çalışıb, lakin 4 aylıq əməkhaqqısı verilməyib.

Xezerxeber.az-ın məlumatına görə,

Elçin Cəlilov deyir ki, iş axtarmaq üçün göndəriş əsasında “Ricon” MMC-yə məraciət edib, 950 manat məvacibə razılaşıb. Əvvəl əməkhaqqı vaxtı-vaxtında verilib, lakin sonradan işləsələr də, maaşları verilməyib.

media-ricon-mmc

Hazırda işsiz qalan 40 yaşlı Elçin Cəlilov tezliklə probleminin həll olunmasını istəyir.

Məsələ ilə bağlı Elçin Cəlilovun işləyib əməkhaqqısını ala bilmədiyi tikinti şirkətinə müraciət etdik. Həmin şirkətdən telefon zənglərimizə cavab verən olmadı.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, “Ricon” MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Elçin Cəlilov tərəfindən daxil olan müraciət üzrə araşdırma aparılır. Araşdırma çərçivəsində vətəndaş Elçin Cəlilov tərəfindən müvafiq qaydada izahat və bank hesabından çıxarış təqdim olunub. Müraciətlə əlaqədar olaraq “RİCON” MMC-yə əməkhaqqı ödənişlərinə dair sənədləri təqdim etməsi üçün rəsmi məktub göndərilib. Araşdırma zamanı müəssisənin işçilərlə münasibətlərində inzibati xəta tərkibinin əlamətləri müəyyən edildiyindən, bu istiqamətdə inzibati icraat prosesi aparılır.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən o da bildirilib ki, “Ricon” MMC-də işçilərlə bağlı aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması, habelə gecikmiş sosial ödənişlərin işəgötürən tərəfindən təmin edilməsi məqsədilə qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, “Ricon” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əliyar Əliyev 45, m. 91-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan “Ricon” MMC, 29 dekabr 2003-cü il tarixində dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi İsmayılov Rəşad Rəhim oğludur. Bu şəxs haqqında açıq mənbələrdə hər hansı məlumat mövcud deyil.Maraqlı məqamlardan biri odur ki,  “Ricon” MMC bir çox tenderlerin qalibidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 


media-728x90banner

Bənzər xəbərlər