Rəşad Mahmudov açıqladı: Süni intellekt təbii intellektin avtomatlaşdırılmış formasıdır.
Bu gün texnologiyalar və süni intellekt tibbdə bir çox imkanlar yaradır. Cihazlar artıq daha çox məlumat toplayır, mövcud biliklər daha sürətli emal olunur və qərarvermə prosesləri texniki baxımdan xeyli asanlaşır. Bu, danılmaz bir reallıqdır və tibbin inkişafına ciddi töhfə verir.
Amma və lakin,…
Tibb yalnız məlumatın toplanması və emalı deyil. Tələbəlik illərimdən yaddaşımda qalan, müəllimlərimin tez-tez xatırlatdığı bir cümlə var: “Heç vaxt laboratoriyanı və instrumental alətlərin nəticələrini müalicə etməyin.”
Bu fikir bu gün daha da aktualdır. Analizlər, görüntüləmə üsulları və texnoloji imkanlar həkimin işini dəstəkləməlidir, onu əvəz etməməlidir. Xəstəni görmədən, dinləmədən, hiss etmədən, yalnız nəticələrə əsaslanaraq qərar vermək səhvlərə yol aça bilər.
Xəstə əvvəlcə insandır. Onu anlamaq üçün empati lazımdır. Bunun yanında da çox yaxşı mənimsənmiş klinik vərdiş və bacarıqlar şərtdir. Sadə klinik müayinə, diqqətli dinləmə və məntiqi düşüncə tibbin əsas dayaqlarıdır. Texnologiya isə bu təməl üzərində dəyər qazanır.
Qısacası, imkanlar artdıqca məsuliyyətimiz də artır. Süni intellektin və texnologiyanın inkişaf etdiyi bir dövrdə, tibbin insani tərəfini qorumaq hər zamankından daha vacibdir. Əks halda, bizə kömək etməli olan alətlər zamanla problemin özünə çevrilə bilər.
Rəşad Mahmudov
Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini










