Rəşad Mahmudov Beynəlxalq Elmi Konfransda vacib təkliflərə çıxış etdi
Bakıda keçirilən Beynəlxalq Elmi Kongresin açılış mərasimində iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov çıxış edib.
Millət vəkili çıxışında vacib məqamlara toxunub. Elmi konfransda səslən fikirləri təqdim edirik:
“Bu gün burada toplaşan bizlər, yalnız bir elmi tədbirdə iştirak etmirik, eyni zamanda dünya səhiyyəsinin ən vacib məsələlərindən biri olan obezite və metabolik sindromun qarşısının alınması və müalicəsi üzrə yeni mülahizələri müzakirə edəcəyik. Artıq dünyada bu problemlərin nə qədər önəmli və çətinliklərlə üzləşdiyini bilirik. Obezite və metabolik sindrom, yalnız bir həyat tərzi probleminə çevrilməkdən çox, bir çox ciddi xəstəliklərə, xüsusən də ürək-damar xəstəliklərinə və insulta səbəb olan ən əsas risk faktorlardır. Təsəvvür edin, hər il dünyada milyonlarla insan, bu xəstəliklərin nəticəsində həyatını itirir və ya ciddi şəkildə əlil olur. Bu səbəbdən, bu kongresin əhəmiyyəti həm elmi, həm də praktik baxımdan çox böyükdür.
Bu gün Azərbaycan, səhiyyə sahəsində ciddi islahatlar həyata keçirir və biz bunun bir hissəsi olaraq, klinik protokolların tətbiqinə xüsusi diqqət ayırırıq. Dövlətin səhiyyə siyasəti, təkcə müalicəvi tədbirləri deyil, eyni zamanda preventiv tədbirləri də əhatə edir. Klinik protokolların tətbiqi, ölkəmizin tibbi reallığını inkişaf etdirən, elmi əsaslara dayanan və nəticə verən yeganə yoldur. Bu protokolların tətbiqi, səhiyyə xidmətlərinin keyfiyyətini artırır, səhiyyə personalının peşəkar bilik və bacarıqlarını təkmilləşdirir və eyni zamanda xəstələrin düzgün müalicə olunmalarını təmin edir.
Ölkəmizdə səhiyyə islahatlarının həyata keçirilməsi, xüsusilə də obezite və metabolik sindromun müalicəsi sahəsində əhəmiyyətli addımlar atılmasına səbəb olub. Biz, artıq bu sahədə klinik protokolları tətbiq edirik və hər bir xəstəyə ən müasir müalicə metodları təqdim edirik. Bütün bunlar isə bir məqsəd üçün həyata keçirilir: insanların sağlamlığını qorumaq, onlara daha sağlam bir gələcək təqdim etmək.
Lakin, hələ də qarşıda çox işlər var. Xüsusilə, ürək-damar xəstəlikləri və insultla mübarizə aparan xəstələr üçün daha geniş tədbirlər və müalicə protokollarının tətbiqinə ehtiyac var. Bu, yalnız tibbi cəhətdən vacib deyil, eyni zamanda iqtisadi və sosial cəhətdən də ölkə üçün böyük əhəmiyyət kəsb edir. Obezite və metabolik sindromun müalicəsi, bu xəstəliklərin gətirdiyi iqtisadi yükü azaldacaq, səhiyyə xidmətlərində qənaət yaratacaq və ən əsası, insanların həyat keyfiyyətini yüksəldəcək.
Hörmətli iştirakçılar, ölkəmizdə aparılan səhiyyə islahatlarının uğuru, təkcə yeni qanunvericilik aktları və bürokratik dəyişikliklərdən ibarət deyil. Ən önəmli yeniliklərdən biri, tibbi personalın müasir texnologiyalar və klinik protokollar üzrə təlimlərdən keçməsi və bunların praktiki olaraq tətbiqidir. Bu yanaşma, Azərbaycanda sağlamlıq sisteminin yeni mərhələyə qədəm qoymasına səbəb olmuşdur.
Beləliklə, kongresimizin mövzusu, ölkəmizdəki səhiyyə islahatlarının əhəmiyyətini daha da aydınlaşdırmağa, bizə qarşılıqlı təcrübə mübadiləsi aparmağa və dünya səhiyyə sistemində ən aktual məsələlərə dair müzakirələr aparmağa imkan verir. Bizim məqsədimiz, yalnız mövcud problemləri müzakirə etmək deyil, həm də onları praktik şəkildə həll etməkdir. Bunun üçün tibbi protokolların güclü bir bünövrəyə çevrilməsi və onların hər sahədə tətbiqi vacibdir.”













