media-res

Xəbər verdiyimiz kimi  Milli Məclisdə hökümət üzvlərinin iştirakı ilə  “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunur.

XALQ məlumat verir ki,hökümət üzvlərinin iştirakı ilə keçirilən iclasda Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov çıxış edib və təklilər verib.

Rəşad Mahmudovun  çıxışını olduğu kimi təqdim edirik:

Hörmətli sədr, hörmətli həmkarlar və hökümət üzvləri!

Müzakirə etdiyimiz İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi sosial siyasətimizin ən vacib istiqamətlərindən biri olan əmək bazarının sabitliyi, məşğulluq təhlükəsizliyi və işçi hüquqlarının qorunması üçün mühüm baza yaradır. Gəlirlər və xərclər strukturunda olan artımlar bir daha göstərir ki, dövlətimizin məqsədi yalnız işsizlik riskini kompensasiya etmək deyil, eyni zamanda insan kapitalının keyfiyyətli inkişafını təmin etməkdir.

Son illər əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-rəsmi məşğulluğun azaldılması, sosial sığorta sisteminin genişləndirilməsi və rəqəmsal uçot mexanizmlərinin yaradılması istiqamətində ciddi addımlar atılıb. Bu işlərin mahiyyəti ondan ibarətdir ki, ölkədə əmək funksiyası yerinə yetirən hər bir vətəndaşın hüquqi statusu, sosial təminatı və pensiya kapitalı aydın, şəffaf və müdafiə olunmuş olsun.

Bu fondun fəaliyyəti də məhz bunu tələb edir: əmək münasibətlərinin hüquqi baxımdan tam və düzgün rəsmiləşdirilməsi. Çünki işsizlikdən sığorta mexanizmi ancaq o zaman effektiv olur ki, bütün kateqoriyalarda çalışan şəxslərin əmək statusu dəqiq müəyyən edilsin.

Məhz buradan çıxış edərək, səhiyyə sistemimizdə uzun illərdən bəri davam edən bir vacib problemə diqqətinizi yönəltmək istəyirəm.Bu gün ölkəmizdə rezident həkimlər real əməyin bütün yükünü daşıdıqları halda, onların hüquqi statusu tam tənzimlənməmiş qalır.

Onlar növbələrə girir, pasiyent qəbul edir, stasionar və təcili yardım prosesində iştirak edir, əməliyyatlara girir və faktiki olaraq tibbi personal kimi çalışırlar. Lakin onların böyük bir hissəsi rəsmi əmək müqaviləsi ilə təmin olunmur. Bu isə birbaşa olaraq:

●sosial sığorta ödənişlərinə,

●işsizlikdən sığorta haqlarına,

●istehsalat zədəsi və peşə xəstəliyi təminatına,

●pensiya kapitalının yığılmasına

mənfi təsir göstərir və sistemdə boşluq yaradır.

Əgər biz bütün sahələrdə işçi hüquqlarının bərpası və sosial müdafiənin gücləndirilməsindən danışırıqsa, tibbi sahədə əmək funksiyasını faktiki yerinə yetirən gənc həkimlərin hüquqi statusunun qeyri-müəyyən qalması artıq yol verilə bilməz.

Hörmətli həmkarlar!

Burada yalnız əmək müqaviləsi məsələsi deyil, tibb təhsilində 2011-ci ildən bəri mövcud olan başqa bir ciddi boşluq – internaturanın ləğvi və onun yerini tutacaq mexanizmin olmaması da problem yaradır.

Bu gün Avropa, Türkiyə, ABŞ kimi ölkələrdə tibb fakültəsini bitirən hər bir tələbə minimum 1 il müstəqil həkim kimi deyil, nəzarətli praktiki hazırlıq dövründən – internaturadan keçir. Bu, xəstənin təhlükəsizliyi və həkimin məsuliyyəti baxımından beynəlxalq standartdır. Bizdə isə 6 illik təhsili bitirən gənc həkim rezidentura imtahanını verə bilmirsə, hüquqi baxımdan havada qalır — nə internatura var, nə müstəqil həkimlik statusu, nə də sosial təminatlı əmək münasibəti.

Bu həm gənclərin gələcəyinə, həm xəstə təhlükəsizliyinə, həm də dövlətin insan kapitalı siyasətinə ziddir.

Burada üç təklifimi xüsusilə vurğulamaq istəyirəm:

1. Tibbi təhsildə internatura mərhələsi bərpa olunmalı və ya ekvivalent praktik il yaradılmalıdır.
Bu həm beynəlxalq standartlara uyğundur, həm də real klinik bacarıqları formalaşdırır.

2. Rezident həkimlərin əmək müqaviləsi qanunla məcburi xarakter daşımalıdır.

Bu, sosial sığorta və işsizlikdən sığortanın tam işləməsi üçün vacibdir.

3. Rezidentura proqramının məzmunu və klinik yük tibb müəssisələrinin real ehtiyacları ilə uyğunlaşdırılmalıdır.

Hörmətli həmkarlar!

Səhiyyənin gücü həkimin gücü qədərdir. Həkimi güclü olanın xəstəsi qorxmaz. Gənc həkimin zəif hazırlandığı sistemdə nə sığorta mexanizmi işləyər, nə tibbi xidmət dayanıqlı olar, nə də xəstənin təhlükəsizliyi təmin olunar. Ona görə də insan kapitalının inkişafı ilə bağlı müzakirələr fonunda rezidentura və internatura məsələsinin həll olunması artıq təxirəsalınmazdır.


media-728x90banner

Bənzər xəbərlər