media-resad-yeni

Müzakirə etdiyimiz qanun layihəsi yalnız mövcud hüquqi normaların təkmilləşdirilməsi deyil, eyni zamanda gələcəyə hesablanmış, strateji bir yanaşmanın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

XALQ məlumat verir ki,bunu millət vəkili Rəşad Mahmudov  Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsinin  müzakirəsində çıxışı zamanı bildirib.

Deputat qeyd edib ki,  bu layihə çərçivəsində xüsusilə bir modelə diqqət çəkmək istərdim. Söhbət həkimlərin və yüksək texniki hazırlıqlı mütəxəssislərin hərbi mükəlləfiyyətinin klassik çağırış mexanizmindən çıxarılaraq, peşələrinə uyğun, real fayda yaradan xidmət formasına çevrilməsindən gedir.

Millət vəkili bildirib ki,  hamımız bilirik ki, bir həkimin hazırlanması illər tələb edir. Təəssüf ki, son illər tibbi təhsili başa vuran gənclərin müəyyən hissəsinin ölkədən kənarda qalmağa üstünlük verməsinin şahidi oluruq. Bunun səbəbləri müxtəlifdir, amma etiraf etməliyik ki, uzun və peşədən tam ayıran hərbi mükəlləfiyyət də bu qərarlara təsir edən amillərdən biridir.

Təklif etdiyimiz model isə tam əks yanaşmanı ehtiva edir. Məqsəd həkimi sistemdən kənarlaşdırmaq yox, onu dövlət xidmətinə daha ağıllı şəkildə cəlb etməkdir. Həkim orduda həkim kimi, texniki mütəxəssis isə öz ixtisası üzrə xidmət etməli, bu proses həm qısa müddətli, həm də peşəkar əsasda təşkil olunmalıdır.

Rəşad Mahmudov qeyd edib ki, bu yanaşma beynəlxalq praktikaya tam uyğundur. Qardaş Türkiyə də daxil olmaqla bir sıra ölkələrdə bu model illərdir uğurla tətbiq olunur. Burada söhbət güzəştdən yox, dövlət maraqlarına uyğun effektiv mexanizmdən gedir.

Rəşad Mahmudov vurğulayıb ki, Qanun layihəsində nəzərdə tutulan müddətin azaldılması, könüllülük və müqavilə mexanizmlərinin genişləndirilməsi gələcəkdə bu modelin daha da inkişaf etdirilməsi üçün hüquqi zəmin yaradır. Bu, bir tərəfdən ordunun real ehtiyaclarını qarşılayır, digər tərəfdən isə gənc mütəxəssislərin ölkədə qalmasına, peşə fəaliyyətlərini burada davam etdirməsinə stimul verir.

Hesab edirəm ki, bu yanaşma ilə biz hərbi mükəlləfiyyət anlayışına yeni məzmun veririk: formal iştirakdan real faydaya, məcburi ayrılıqdan peşə üzərindən xidmət modelinə keçirik.

Bu səbəbdən layihəni dəstəkləməyi məqsədəuyğun hesab edir və həmkarlarımızı buna səs verməyə dəvət edirəm deyə R.Mahmudov  qeyd edib.

 

 

 

 

 


media-728x90banner

Bənzər xəbərlər