Səhiyyə büdcəsinin təxminən dörd dəfəyə yaxın artırılmasına baxmayaraq, bu gün hələ də cəmiyyət, pasiyentlər və səhiyyə sistemi arasında münasibətlərdə gözlənilən səviyyədə effektivliyi və məmnunluğu hər zaman aydın şəkildə görə bilmirik. Bunun səbəbləri çoxşaxəlidir və müxtəlif amillərlə izah oluna bilər.

 XALQ xəbər verir ki, bunu Milli Məclisin deputatı, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

O qeyd edib ki, bu səbəblər arasında ən vacib və bu gün xəstəxanaların gündəlik fəaliyyətində ciddi gecikmələrə, xidmətlərin bahalaşmasına və bir sıra sistem problemlərinə gətirib çıxaran əsas məsələlərdən biri məhz dövlət satınalmaları ilə bağlı mövcud tətbiq mexanizmləridir. Burada söhbət hər hansı bir konkret qurumdan və ya fərdi yanaşmadan getmir. Məsələ yanaşma fəlsəfəsinin özündədir.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, dövlət satınalmaları haqqında qanun səhiyyəyə zərər verən bir sənəd kimi deyil, əksinə, dövlətin və cənab Prezidentin həyata keçirdiyi islahatların məqsədlərinə xidmət edən bir alət kimi işləməlidir. Sadəcə olaraq, səhiyyə sahəsinin özünəməxsus spesifikası, təcili və həyati risklərlə bağlı xüsusiyyətləri vardır və bu xüsusiyyətlər qanunun tətbiqi zamanı nəzərə alınmalıdır. Bu məsələlərin həlli yalnız inzibati qərarlarla deyil, dünya və xüsusilə Avropa ölkələrinin mövcud təcrübələri, Azərbaycan reallıqları və sahə üzrə praktik problemlər nəzərə alınmaqla, geniş və qarşılıqlı müzakirələr yolu ilə tapıla bilər”.

Deputat bildirib ki, dövlət satınalmaları sahəsində səhiyyənin spesifik ehtiyaclarına uyğunlaşdırılmış daha çevik və rasional mexanizmlərin formalaşdırılması, Prezident tərəfindən həyata keçirilən səhiyyə islahatlarının nəticələrinin vətəndaşa daha əlçatan, daha effektiv və daha məmnuniyyət doğuran formada çatdırılmasına ciddi töhfə verəcəkdir.

Rəşad Mahmudov əsas problemləri də sıralayıb:

“Tenderlərdə ən aşağı qiymət meyarı çox vaxt keyfiyyət, klinik effektivlik və uzunmüddətli nəticələr hesabına üstün tutulur. Nəticədə tibbi praktikada istifadəsi məhdud, bəzən isə əlavə risklər yaradan məhsullar seçilmək məcburiyyətində qalınır.

Xüsusilə reanimasiya, kardiocərrahiyyə, onkologiya və transplantasiya kimi sahələrdə gözlənilməz və təxirəsalınmaz ehtiyaclar yaranır. Mövcud satınalma prosedurları isə bu hallarda operativ qərar verməyə imkan yaratmır. Eyni funksiyaya malik, lakin fərqli texniki və klinik xüsusiyyətləri olan tibbi materialların “ekvivalent” kimi qiymətləndirilməsi həkimin seçim imkanlarını daraldır və fərdi yanaşmanı çətinləşdirir”.

Deputatın fikrincə, qlobal bazarlarda qiymət dalğalanmaları və logistik risklər fonunda bəzi həyati əhəmiyyətli dərman və materialların vaxtında çatdırılmaması müşahidə olunur ki, bu da tibbi xidmətlərin fasiləsizliyinə risk yaradır.

“Bu baxımdan, dövlət satınalmaları haqqında qanun layihəsinin müzakirəsi zamanı səhiyyə sektorunun spesifik xüsusiyyətlərinin nəzərə alınması, keyfiyyət və klinik fayda meyarlarının gücləndirilməsi, eləcə də təcili və həyati vacib tibbi ehtiyaclar üçün daha çevik mexanizmlərin yaradılması olduqca vacibdir” – komitə sədri sonda vurğulayıb.


media-728x90banner

Bənzər xəbərlər