Bayraq təkcə dövlət atributumuz deyil, azadlığımızın, müstəqilliyimizin canlı sübutudur. Üçrəngli bayrağımızın əngin səmalarımızda dalğalanmasını biz rahatlıqla qazanmamışıq, can vermiş, qan tökmüş, minlərlə şəhidin fədakarlığı bahasına əldə etmişik. Hər bir dalğası xalqımızın keçdiyi çətin və şərəfli yolun, azadlıq uğrunda aparılan mübarizənin rəmzidir. 1918-ci ildə əcdadlarımızın ucaldıb “bir daha enməyəcək” dedikləri bayrağımız sonradan işğalçı imperiya tərəfindən endirilsə də xalqımızın qəlbindən heç vaxt enmədi! 70 il boyunca onun rənglərinə həsrətlə baxaraq bu müqəddəs simvolun bir gün yenidən başımızın üzərində dalğalanacağı ümidi ilə yaşadıq. Bu ümid bizi yaşatdı, milli ruhumuzu qorudu, kimliyimizi unutmamağımıza səbəb oldu. Nəhayət, illərlə həsrətini çəkdiyimiz o gün gəldi. Bayrağımız yenidən azad səmalarda dalğalandı! Bu an təkcə dövlətin deyil, bir millətin dirçəliş anı idi.
Bu dəfə Naxçıvanda dalğalandı, tarixi sevinci Böyük Öndər, Ümummilli Lider Heydər Əliyev xalqımıza yaşatdı. Ulu Öndərin qətiyyəti və cəsarəti sayəsində üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının rəsmi atributu oldu. Naxçıvanda rəsmən ucalan bu bayraq Azərbaycan xalqının azadlıq iradəsinin və milli birliyinin simvoluna çevrildi. Məhz həmin tarixi addım müstəqilliyə gedən yolun başlanğıcını qoydu. Tarixində ikinci dəfə müstəqilliyini qazanan Azərbaycan yenə də ağır sınaqlarla üz-üzə qaldı. Azadlığın təzəcə doğan şəfəqləri hələ sabitləşməmişdi ki, düşmən baxışları yenidən bayrağımızın üzərinə kölgə salmaq istədi. Lakin bu dəfə onun arxasında xalqın iradəsi, dövlətin təməli və Ulu Öndərin əvəzolunmaz liderliyi dayanırdı. Bayrağımızı ilk dəfə Naxçıvan səmasında ucaldan Heydər Əliyev həmin çətin, qaranlıq illərdə yenidən xalqın ümid çırağına çevrildi. Dövlətimizin yıxılmaq təhlükəsi ilə üzləşdiyi məqamda böyük Heydər Əliyev müstəqil Azərbaycanın sarsılmaz dayağı oldu. Onun müdrikliyi və qətiyyəti sayəsində üçrəngli bayrağımız bir daha enməyə qoyulmadı, daha uca zirvələrdə dalğalanmağa başladı.
Sonrakı illərdə Prezident İlham Əliyev bu müqəddəs ənənəyə sədaqətini əməli fəaliyyəti ilə bir daha təsdiqlədi. Dövlət atributlarımıza olan sevgisi, milli simvolumuza olan hörməti sözlə deyil, hər addımı ilə nümayiş olundu.
Prezidentin müvafiq sərəncamı ilə ölkəmizdə hər ilin noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunması bunun təsdiqidir, bu qərar bayrağımıza olan sevgi və diqqətin əbədiləşdirildiyi əlamətdar hadisədir.
Əsrin əvvəllərində Ulu Öndərin qoruduğu, milli qürurumuzun zirvəsinə qaldırdığı üçrəngli bayrağımızı Prezident İlham Əliyev zəfər rəmzinə çevirdi, müqəddəs simvolu işğaldan azad edilmiş torpaqlarımızın səmasında dalğalandırdı və xalqımıza qürur, əsgərlərimizə ruh, gələcək nəsillərə isə ümid verdi.
Prezident İlham Əliyev üçrəngli bayrağımızı millətimizin qəhrəmanlıq dastanı, birliyimizin və azadlığımızın əbədilik rəmzi kimi zirvələrə qaldırdı, nümunə göstərdi.
Dahilərimizin ədəbi düşüncələrdə qeyd etdiyi kimi kölgəsində ay əyilən, sevdiklərinin qucağında yüksəklərə ucalan, dalğalı duruşu ilə buludların yürüşünə bənzədilən, endirilməsi faciə ilə seyr edilən üçrəngli bayrağımız bu gün layiq olduğu zirvədə dalğalanır. Xalqımızın arzuladığı, əsrlərlə xəyal etdiyi Azərbaycan bu gün yenilməz lideri ilə tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu torpağın üzərində dalğalanan bayrağımıza sarı heç bir məkrli qüvvə əl uzada bilməz, çünki onun rənglərində bir millətin qüruru, iradəsi və qorunmasının təminatçısı var!

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı


media-728x90banner

Bənzər xəbərlər