media-usaqq

Çinli alimlər dünyada ilk ola biləcək “hamiləlik robotu” üzərində işlərə başlayıblar.

XALQ  bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, Çin mərkəzli Kaiwa Technology şirkətinin qurucusu Dr. Çjan Çifin bildirib ki, süni uşaqlıq texnologiyası artıq “yetkin bir səviyyəyə” çatıb və bu sistem robotun qarın boşluğuna yerləşdirilərək insan-robot qarşılıqlı təsiri ilə hamiləlik prosesi başlaya bilər.

Robotun daxilindəki süni uşaqlıqda körpə xüsusi borular vasitəsilə qidalanacaq, süni amniotik maye içində böyüməyə davam edəcək. Doqquz ay tamamlandıqdan sonra isə bu texnologiya sayəsində canlı bir körpənin dünyaya gətirilə biləcəyi açıqlanıb.

Şirkət nümayəndələri robot prototipinin gələn il satışa çıxarıla biləcəyini deyib. İlkin satış qiyməti isə 100 min yuan (təxminən 10 min funt sterlinq) olaraq açıqlanıb. Lakin embrionun süni uşaqlığa necə yerləşdiriləcəyi və mayalanma prosesinin hansı üsulla aparılacağı barədə hələlik dəqiq məlumat verilməyib.

Dr. Çjan xatırladıb ki, tamamilə yeni olmasa da, oxşar təcrübələr mövcuddur – alimlər keçmişdə yarımçıq doğulmuş quzuları “biotorba” adlanan xüsusi sistemdə yaşada bilmişdilər. Ancaq bu yeni texnologiya bioloji prosesləri robotik sistemlərlə əvəzlədiyi üçün ciddi etik və hüquqi müzakirələrə səbəb olub.

Alim vurğulayıb ki, Çində sonsuzluq halları zamanla artmaqdadır və bu texnologiya həmin problemin həllinə töhfə verə bilər. Hazırda Guandun vilayəti rəsmiləri ilə qanuni və siyasi tənzimləmələr barədə danışıqlar aparılır.

Bəzi mütəxəssislər isə bu ideyanı “təbiətin bioloji bağlarını qıran təhlükəli cəhd” kimi qiymətləndirib. Filadelfiya Uşaq Xəstəxanasının alimləri hamiləliyin bu yolla “xəstəlikmiş kimi” təqdim edilə biləcəyi barədə xəbərdarlıq ediblər. Digər tərəfdən, dəstəkləyənlər hesab edir ki, süni uşaqlıq texnologiyası qadınların hamiləliyin gətirdiyi fiziki risklərdən və yüklərdən azad olmasına imkan verə bilər.


media-728x90banner

Bənzər xəbərlər