media-ulvi
Rusiyada Miqrantlara və Qeyri-Rus Millətlərə Qarşı Artan Təzyiqlər – Narahatlıq Doğuran Tendensiyalar.
Son aylarda Rusiyada müşahidə olunan ictimai-siyasi gedişatlar bu ölkədə etnik və dini müxtəlifliyə münasibətin ciddi şəkildə dəyişməkdə olduğunu göstərir. Xüsusilə də miqrantlara və qeyri-rus mənşəli vətəndaşlara qarşı formalaşan təzyiq mühiti beynəlxalq insan hüquqları təşkilatlarının və qonşu ölkələrin diqqətini cəlb edir.
Yekaterinburqda baş verən hadisələr bu tendensiyanın lokal yox, sistematik və koordinasiyalı şəkildə həyata keçirildiyini göstərir. Şəhərdə yaşayan şəxslərin və hadisələrin birbaşa şahidlərinin verdiyi məlumatlar, miqrantlara qarşı süni cinayət işlərinin açılması, narkotiklə ittiham, ailə üzvləri ilə təhdid və digər təzyiq vasitələri ilə onların Ukrayna müharibəsinə cəlb olunması halları haqqında narahatverici mənzərə yaradır.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin son açıqlamaları da bu vəziyyətin təsadüfi olmadığını sübut edir. Miqrantların müharibəyə cəlb olunması ilə bağlı səsləndirilən statistika, bu prosesin müəyyən struktur və mexanizmlər çərçivəsində həyata keçirildiyini göstərir. Onlara verilən vədlər — vətəndaşlıq, kompensasiya və güzəştlər — əksər hallarda yerinə yetirilmir, əksinə, həmin şəxslər qayıtdıqdan sonra da təzyiqlərə məruz qalmağa davam edirlər.
Bununla yanaşı, Rusiya vətəndaşı olan qeyri-rus millətlərə, xüsusilə müsəlmanlara qarşı yönəlmiş diskriminasiya halları da artmaqdadır. Bu, cəmiyyətdə dözümsüzlük əhval-ruhiyyəsinin yüksəldiyini, şovinist və islamofob çağırışların daha da aktuallaşdığını göstərir. Təəssüf ki, bəzi media simalarının və ictimai şəxslərin məsuliyyətsiz çıxışları bu vəziyyəti daha da gərginləşdirir.
Azərbaycan-Rusiya münasibətləri fonunda da bir sıra narahatlıq doğuran məqamlar müşahidə olunur. Azərbaycanın informasiya resurslarına qarşı həyata keçirilən kiberhücumlar, Həştərxanda keçirilən tədbirə dəvət olunmuş millət vəkilinin Rusiya ərazisinə buraxılmaması kimi hadisələr ikitərəfli münasibətlərdə əlavə suallar doğurur. Habelə Rusiya ərazisində vurulmuş Azərbaycan mülki təyyarəsi məsələsinin hələ də həll olunmaması ictimaiyyətin diqqətində qalmaqdadır. Bu məsələ beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə araşdırılmalı və müvafiq məsuliyyət müəyyənləşdirilməlidir.
Ermənistanda son zamanlar revanşist və radikal ritorikanın güclənməsi də bölgədə gərginliyin yenidən artması ehtimalını artırır. Ermənistanın bəzi siyasi dairələrinin Moskva ilə sıx əlaqələri, regionda sabitliyi pozmaq məqsədi daşıyan çağırışları, Cənubi Qafqazda sülh gündəminə zərbə vurur. Bu proseslərin bir mərkəzdən idarə olunduğuna dair narahatlıqlar artır.
Bütün bu məsələlər fonunda Azərbaycanın mövqeyi açıq və prinsipialdır. Regionda davamlı sülhün və əməkdaşlığın bərqərar olması üçün təxribatlara qarşı mübarizə, beynəlxalq hüquqa əsaslanan yanaşma və insan hüquqlarının qorunması əsas prioritetlərdəndir.
Rusiya rəhbərliyi isə daxili sabitliyi təmin etmək və ictimai harmoniyanı qorumaq üçün qeyri-rus xalqlara, miqrantlara və müsəlmanlara qarşı yönəlmiş ayrıseçkiliyi, zorakılıq hallarını dayandırmalı, vətəndaş hüquqlarının bərabər təminatına ciddi şəkildə riayət etməlidir. Çünki bu kimi hallar təkcə Rusiya daxilində deyil, bütövlükdə regionda etimadsızlıq və gərginlik mühitinin dərinləşməsinə səbəb olur.
Ülviyyə Həmzəyeva
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər