Saatlıda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi
Saatlı rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi
09 iyul 2025-ci il tarixdə Saatlı Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin inzibati binasında “Qərbi Azərbaycan İrsi” kitabının 1-ci cildinin təqdimat mərasimi keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov, rayonda məskunlaşmış Qərbi azərbaycanlılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Qərbi Azərbaycanın minilliklər boyunca Azərbaycan xalqının yaşayış məskəni, zəngin mədəniyyətimizin, elmimizin, ədəbiyyatımızın, memarlığımızın beşiyi olmuş müqəddəs yurd yeri olduğunu, bu torpaqların nəinki coğrafi anlamda həm də mənəvi baxımdan hər birimizin qəlbində əvəzsiz yer tutduğunu, indi isə bu irsin yazılı sənəd halında, bir kitab şəklində gələcək nəsillərə ötürüldüyünü bildirib. Həmçinin Elmir Bağırov bu kitabın sadəcə bir nəşr deyil, bu tarixə yazılmış haqq səsi olduğunu, milli yaddaşımızı diri tutacağını, haqq işimizin ədalətli mahiyyətini sübuta yetirəcəyini qeyd edərək kitabın hazırlanmasında zəhməti və əziyyəti olan hər kəsə rayon ictimaiyyəti adından təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Əziz Ələkbərov bildirmişdir ki, hazırkı Ermənistan ərazisi yüzilliklər boyunca Qərbi azərbaycanlıların yaşayış yeri, doğma yurd-yuvaları olmuş, lakin XX əsrin müxtəlif dövrlərində Ermənistan hökumətinin həyata keçirdiyi məqsədyönlü etnik təmizləmə siyasəti nəticəsində Qərbi azərbaycalılar doğma yurdlarından zorla deportasiya edilmiş, bu proses zamanı on minlərlə insan öz ev-eşiyindən didərgin düşmüş, min illərlə formalaşan maddi və mənəvi irs-məscidlər, qəbiristanlıqlar, abidələr, məktəblər və məişət mədəniyyəti izləri sistematik şəkildə dağıdılmışdır. Əziz Ələkbərov müəllifi olduğu bu kitabın hazırlanması və nəşri ilə bağlı əsas mərhələlərin sistemli şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırmaqla bu kitabın gələcəkdə məktəblər və universitetlər üçün dərs vəsaitlərinin hazırlanmasında mənbə kimi istifadə olunacağını bildirdi.
Sonda çıxış edən Lütvəli Şıxəliyev vurğulayıb ki, bu gün Qərbi azərbaycanlılar Azərbaycan Respublikasının müxtəlif bölgələrində məcburi köçkün statusu olmadan yaşayırlar və onlar bu hüquqi boşluğunun aradan qaldırılmasını, haqlarının tanınmasını və tarixi yaddaşlarının bərpasını istəyirlər. Onların taleyi sadəcə bir xalqın deyil, həm də insan hüquqları və beynəlxalq ədalət məsələsidir.
Tədbirin sonunda “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası adlı video-material nümayiş olunub.