Saatlıda “Vətən sənə can qurban!” adlı ümumrayon tədbiri keçirildi
27 Sentyabr – Anım Günü ilə bağlı Saatlı rayonunda “Vətən sənə can qurban!” adlı ümumrayon tədbiri keçirildi
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Azərbaycan Respublikasının Dövlət Himninin səsləndiriməsi ilə başlamışdır.
Ümumrayon tədbirində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Milli Məclisin deputatı Əziz Ələkbərov, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ictimai birliklər, idarə, təşkilat və müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov Vətən müharibəsində və sonrakı illərdə Azərbaycan Ordusunun qəhrəmanlığından, şəhidlərin canı və qanı bahasına əldə olunan möhtəşəm qələbədən danışaraq, şəhid ailələrinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu, eyni zamanda şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacağını və onların igidliyinin heç vaxt unudulmayacağını vurğuladı.
Daha sonra Milli Məclisin deputatı Əziz Ələkbərov çıxış edərək, hər bir vətəndaşın birlik və həmrəylik nümayiş etdirərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməsi nəticəsində ölkəmizin inkişafı və tərəqqisi üçün əvəzsiz önəm daşıyan böyük qələbəyə nail olduğunu qeyd etdi.
Tədbirdə şəhid bacısı Ürvət Ağayeva, üçüncü dərəcəli Vətən müharibəsi əlili Elvin Abbasov çıxış edərək Azərbaycan Repsublikasının Prezidenti cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında Silahlı Qüvvələrimizin igidlik və qəhrəmanlıq şücaətləri ilə işğal altında olan torpaqlarımızın işğaldan tam azad edilməsindən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etdilər.
Tədbir iştirakçları tərəfindən rayonun Şəhidlər Abidə-Xatirə Kompleksi önünə gül-çiçək dəstələri düzüldü.
Saat 12:00-da bütün ölkə ərazisində olduğu kimi Saatlı rayonunda da şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.