Saatlıda Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
8 noyabr 2025-ci il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, Yeni Azərbaycan Partiyası Saatlı Rayon Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçıları, rayon ziyalıları, ağsaqqal və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb.
Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyəti, ordumuzun qəhrəmanlığı və şəhidlərimizin əbədi xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağından və bu qələbənin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalq və ordu birliyinin təntənəsi olduğunu vurğulayıb.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəisi Qabil Rzayev, şəhid Anar Məmmədovun anası Qabiliyyət Məmmədova, Saatlı rayon Sımada kənd İƏD üzrə nümayəndəsi – Ahıska türklərinin ağsaqqalı Həmzə Əliyev və Murad Mehbalıyev adına Nərimankənd kənd tam orta məktəbin müəllimi – 44 günlük Vətən müharibəsi iştirakçısı Tapdıq Həsənov çıxış edərək qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlıq yolundan, bu zəfərin xalqımızın birliyinin və dövlətimizin gücünün rəmzinə çevrildiyindən, həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən danışıblar.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra şəhidlərin əziz xatirəsi yad olunması məqsədi ilə Şəhidlər Abidə-Xatirə Kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.
Daha sonra Heydər Əliyev meydanında Saatlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürayyə Zeynalova, Saatlı rayon Dövlət Rəsm Qalereyasının rəssamı Nazim Fərəcovun və şagirdlərinin milli və vətənpərvər ruhda əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Tədbirin bədii hissəsi konsert proqramı ilə davam edib. Bir-birindən maraqlı milli və vətənpərvər ruhda musiqi nömrələri və rəqslər nümayiş olunub.
Tədbir ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı.



















