Dilarə Cəbrayılova: “Ailə dəyərlərinin qorunması vacibdir”
Ailə — cəmiyyətin əsas sütunlarından biridir. Sağlam ailə möhkəm münasibətlərə, qarşılıqlı anlayışa və hörmətə əsaslanır. Lakin son illərdə xüsusilə gənc ailələr arasında boşanmaların artması narahatedici bir tendensiyaya çevrilib. Bəs, nə üçün hələ həyatın başlanğıcında olan cütlüklər ayrılıq qərarı verir? Bu sualın cavabı bir çox sosial, psixoloji və mənəvi amillərlə bağlıdır.
Bir çox gənclər ailə qurmağa emosional, amma düşünülməmiş şəkildə qərar verirlər. Evliliyə romantik hisslər, ilk sevgi və ya sosial təzyiq səbəbilə addım atmaq gələcəkdə problemlərə yol açır.
Əslində, ailə qurmaq yalnız sevgiyə deyil, həm də məsuliyyətə, səbirə və uyğunluğa əsaslanmalıdır. Dərin tanışlıq olmadan, bir-birinin xarakterini və həyat tərzini anlamadan qurulan münasibətlər çox zaman uzunömürlü olmur.
Boşanmaların əsas səbəblərindən biri ünsiyyətin düzgün qurulmamasıdır. Cütlüklər arasında fikir ayrılığı, qarşılıqlı ittiham və eqo münaqişələri yaranır.
Əgər tərəflər bir-birini dinləməyi, səhvləri birlikdə aradan qaldırmağı bacarmırlarsa, münasibət tez gərginləşir.
Unutmaq olmaz ki, xoşbəxt ailə ideal insanlarla deyil, bir-birini başa düşməyi bacaran insanlarla qurulur.
Gənc ailələrin bəziləri hələ maddi cəhətdən tam müstəqil olmadan ailə həyatı qururlar. İşsizlik, gəlir çatışmazlığı, mənzil problemi və borclar ailədaxili gərginliyi artırır.
Əgər bu vəziyyətdə tərəflər bir-birinə dəstək olmaq əvəzinə, qarşılıqlı ittihamlarla davranırlarsa, münasibət zəifləyir. Maddi çətinliklər çox zaman səbir və anlayışın sınaq meydanı olur.
Müasir dövrdə sosial media, internet və telefonlar da ailə münasibətlərinə ciddi təsir göstərir. Etimadsızlıq, başqaları ilə müqayisə halları və diqqətin telefona yönəlməsi ailədaxili soyuqluğa səbəb olur.
Virtual həyat çox zaman real münasibətlərin yerini tutur və insanlar bir-birinə deyil, telefona bağlı qalırlar.
Bəzi gənclər ailə həyatı üçün psixoloji və mənəvi baxımdan hazır olmurlar. Uşaqkən ailə münaqişələrinə şahid olmuş və ya sevgisiz mühitdə böyümüş insanlar, bəzən eyni davranış modelini öz evliliyində də təkrarlayır.
Buna görə də, evliliyə qədər ailə dəyərləri, məsuliyyət, qarşılıqlı hörmət kimi anlayışların gənclərə öyrədilməsi çox vacibdir.
Bugünkü gənclər çox zaman “müasir düşüncə” adı altında güzəşt etməyi zəiflik kimi qəbul edirlər. Halbuki ailə münasibətlərində səbir, anlayış və kompromis uğurun əsas açarlarıdır. Hər bir insanın qüsuru var və bu qüsurlarla yaşamağı bacarmaq ailə mədəniyyətidir.
Gənc ailələrin dağılmasının səbəbi təkcə bir tərəfdə deyil — həm fərdi, həm sosial, həm də dəyərlər sistemi ilə bağlı məsələlərdədir.Bəs biz nə etməliyik ki, boşanmaların sayı azalsın?
• Evlilikdən öncə real tanışlıq və hazırlıq,
• Düzgün ünsiyyət və etimad,
• Maddi və mənəvi dayanıqlıq,
• Qarşılıqlı hörmət və sevgi. Ailədaxili münasibətləri möhkəmləndirə və boşanmaların azalmasına səbəb ola bilər.
Ailənin möhkəmliyi sevginin gücü ilə deyil, hörmət və anlayışın davamlılığı ilə ölçülür.
Dilarə Cəbrayılova
Sabiq deputat










