media-922

Salyan Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ilin sosial- iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə  həsr olunmuş hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun müdiri Məmmədiyə Məmmədov, Milli Məclisin deputatları Günay Ağamalı, Sadiq Qurbanov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və eləcədə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yığıncaq iştirakçıları öncə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində rayonun sosial-iqtisadi inkişafını əks etdirən guşəyə, kənd təsərrüfatı və rayonda istehsal olunan sənaye məhsullarından ibarət sərgiyə baxış keçirilib. Hesabat yığıncağı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Yığıncağı giriş nitqi ilə açan Salyan RİH-nin başçısı Rüstəm Xəlilov təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası çərçivəsində qazanılmış nailiyyətlərdən, yola saldığımız ildə ölkəmizin, eləcə də rayonumuzun sosial-iqtisadi, ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən, kənd təsərrüfatı və digər sahələrdə görülmüş işlərdən, həyata keçirilmiş beynəlxalq və respublika əhəmiyyətli tədbirlər haqqında geniş məlumat verib.

Hesabat məruzəsində qeyd olunub ki, 2025-ci ildə rayonda sosial-iqtisadi inkişafın əsas istiqamətləri üzrə sistemli və ardıcıl tədbirlər həyata keçirilib, dövlət proqramlarının icrası, Prezidentin fərman və sərəncamlarının yerinə yetirilməsi təmin edilib, məşğulluq, abadlıq və yaşıllaşdırma sahələrində müsbət dinamika qorunub. Kənd təsərrüfatının inkişafı, sahibkarlığın dəstəklənməsi, məşğulluğun artırılması, mühəndis-kommunikasiya və yol infrastrukturunun yenilənməsi, həmçinin təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı diqqət mərkəzində saxlanılıb. Qeyd edilib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun və suverenliyin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Əldə olunan nəticələrin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olduğu vurğulanıb və qarşıdakı dövrdə bütün qurumların koordinasiyalı fəaliyyətinin vacibliyi qeyd edilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun müdiri Məmmədiyə Məmmədov çıxışında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2025-ci ildə də bütün sahələrdə yüksək nailiyyətlər əldə olunduğunu, o cümlədən beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin daha da möhkəmləndiyini vurğulayıb. Natiq 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahədə tarixi ənənələrin yaşadılmasına və Azərbaycanın milli inkişaf strategiyasının, qlobal məsuliyyətinin və gələcəyə yönəlmiş baxışının ifadəsi olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatları Sadiq Qurbanov, Günay Ağamalı və digər çıxış edənlər rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər, sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, əldə olunan nailiyyətlərin Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu vurğulayıblar. Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

 

 




salyanda-hesabat-yigincagi-kecirildi






media-728x90banner

Bənzər xəbərlər