media-sar

Fransanın sabiq Prezidenti Nikola Sarkozi Liviya maliyyələşdirmə işi çərçivəsində aldığı 5 il həbs cəzası ilə əlaqədar oktyabrın 21-dən Parisdəki “La Santé” həbsxanasında saxlanılırdı. Lakin bu gün Paris Apellyasiya Məhkəməsi onun azadlığa buraxılması barədə qərar qəbul edib. Məlumata görə, Sarkozi gün ərzində azadlığa çıxacaq.

Nikola Sarkozi 70 yaşındadır və o, 25 sentyabr tarixində “cinayətkar dəstə ilə əlbir olmaq” ittihamı üzrə beş il müddətinə azadlıqdan məhrum edilib. Hökm verdikdən sonra dərhal həbsxanaya yerləşdirilməsi və hökmün dərhal icrası Fransada sabiq dövlət başçısı üçün tarixi presedent yaradıb. Bu qərar Fransada böyük ictimai və siyasi mübahisələrə səbəb olub.

N.Sarkozi hökmə etiraz olaraq apellyasiya şikayəti verib və iş yenidən baxılana qədər müvəqqəti azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Cəmi 20 gün sonra məhkəmə onun xeyrinə qərar verib.

Məhkəmə iclası bu gün səhər saat 09:30-da baş tutub. N.Sarkozi məhkəməyə “La Santé” həbsxanasından videobağlantı vasitəsilə qoşulub. Daha sonra saat 13:30 radələrində Paris Apellyasiya Məhkəməsi onun müvəqqəti azadlığa buraxılması barədə qərarını açıqlayıb.

Fransa mediasının məlumatına görə, Sarkozi məhkəmə nəzarəti (kontrol judiciaire) altında azadlığa buraxılacaq. Bu, o deməkdir ki, o, azad olsa da, müəyyən hüquqi və davranış məhdudiyyətlərinə tabe olacaq.

Maraqlıdır ki, Fransa Baş Prokurorluğu da bu gün səhər keçirilən iclasda Sarkozinin azadlığa buraxılmasını dəstəkləyib. Prokurorluq hesab edib ki, onun azadlıqda qalması nə istintaqa, nə də ədalət prosesinə mane olmayacaq.

Beləliklə, Fransanın sabiq Prezidenti N.Sarkozi 20 günlük həbsdən sonra azadlığa çıxır. Onun apellyasiya prosesi növbəti aylarda keçiriləcək. Bu hadisə Fransa siyasi tarixində ilk dəfə keçmiş prezidentin faktiki olaraq həbsdə olması və sonradan şərti azadlığa buraxılması kimi yadda qalacaq.

 

Fransanın sabiq Prezidenti Nikola Sarkozi azadlığa buraxılmaq ümidi ilə bu gün yenidən ədalət mühakiməsi qarşısına çıxıb. O, 2007-ci il prezident seçki kampaniyasının Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi işi çərçivəsində aldığı beş il həbs cəzası qərarına etiraz edir.

Bu gün səhər saat 9:30-da Paris Apellyasiya Məhkəməsində N.Sarkozinin vəkillərinin azadlığa buraxılma tələbi üzrə dinləmələr başlayıb. Qanunlara əsasən, belə müraciətlər zamanı məhbuslar zala gətirilmir, buna görə də keçmiş prezident videokonfrans vasitəsilə dindirilib.

Onun oğlu Jan Sarkozi və həyat yoldaşı, məşhur müğənni Karla Bruni isə məhkəmə zalında iştirak ediblər və dinləməni yaxından izləyiblər.

N.Sarkozinin bəzi partiya həmkarları onun azadlığa buraxılmasını dəstəkləyirlər.

                                                          Beş il həbs cəzası və “müstəsna” qərar

Sentyabrın 25-də Paris Cinayət Məhkəməsi Nicola Sarkozini beş il müddətinə real həbs cəzasına məhkum edib. O, Müəmmar Qəddafinin rəhbərlik etdiyi Liviya rejimindən gizli maliyyə dəstəyi almaq üçün yaxın ətrafına göstəriş verdiyinə görə cinayətkar birlikdə iştirak maddəsi ilə təqsirli bilinib. Bu, Fransanın tarixində ilk dəfə keçmiş prezidentin həbsxanaya göndərilməsi ilə nəticələnən məhkəmə qərarı olub. N.Sarkozi qərardan apellyasiya şikayəti verib, lakin həbs qərarı dərhal icra edilib.

Bu iş üzrə Sarkozi ilə birlikdə üç nəfər həbs olunmuşdu. Onlardan biri – keçmiş bankir Vahib Naser artıq məhkəmə nəzarəti altında azadlığa buraxılıb. Digər təqsirləndirilən, biznesmen Aleksandr Cuhri isə qaçış riski səbəbindən həbsdə saxlanılır.

                                                         20 gün həbsdə və çoxsaylı qalmaqallar

N.Sarkozinin “La Santé” həbsxanasında keçirdiyi 20 gün ərzində bir sıra qalmaqallar yaşanıb. Onun təhlükəsizliyini təmin edən iki polis əməkdaşının daimi iştirakı penitensiar nəzarətçi həmkar ittifaqlarının narazılığına səbəb olub. Bəzi məhbuslar gecə vaxtı keçmiş prezidentə təhdidlər də yönəldiblər.

Bundan başqa, ədliyyə naziri Jerald Darmanənin N.Sarkoziyə həbsxanada baş çəkməsi ölkənin hüquq ictimaiyyətində sərt tənqidlər doğurub.

İndi diqqət Paris Apellyasiya Məhkəməsinə yönəlib. Sarkozinin azadlığa buraxılıb-buraxılmayacağı növbəti günlərdə məlum olacaq. Nəticədən asılı olmayaraq, bu iş Fransa siyasətində və ədalət sistemində tarixi presedent kimi qalacaq. (AZƏRTAC)


media-728x90banner

Bənzər xəbərlər