ABŞ Konqresi tütün məmulatlarını satın alma yaşını 18-dən 21-ə qaldıran qanun qəbul etdi.

ABŞ Konqresinin qəbul etdiyi bir sıra siyasi xarakterli qərarlara etiraz bildirsək də, bu qərarın Azərbaycan üçün də faydalı olacağını düşünürəm.

XALQ.Az xəbər verir ki, bu fikirləri V çağırış üzrə deputat Fazil Mustafa qeyd edib. Onun sözlərinə görə, siqaret cahilliyin əsəridir:

“Öz yaradılış mahiyyəti haqqında sağlam bilgisi olan və məsuliyyətli insan ola bilməz ki, siqaret və ya qəlyan aludəçisi olsun.

Gənc yaşlarında isə fors üçün, yeniyetməliyin təsdiqi üçün mənimsənilən bu axmaq vərdiş sonradan narkomaniyaya keçid üçün münbit şərait yaradır. İki cür insan tipinin həyatda hansısa fayda qazandığını eşitmədim, duymadım.

Bunlardan birincisi narkotik aludəçisi olanlardır, ikincisi isə qumar oynamağa meyl göstərənlərdir. Ona görə də bizdə də siqaret satın alma yaşının 21-ə qaldırılması, enerji içkilərinin qadağan olunması, 21 yaşından aşağı gənclərə qəlyan satılmasının qadağan olunmasını nəzərdə tutan qanunların qəbul olunmasını zəruri sayıram”, – deyə F.Mustafa təklif edib.

Deputatın fikrincə, seçki ərəfəsində bu təklif bir çox insanları narazı salacaq:

“Ancaq nə seçkiyə, nə də siyasətə görə hamının xoşuna gələcək populist mövqe sərgiləmək fikrim olmadı, bundan sonra da olmayacaq.

Sadəcə, öz iradəmin yetmədiyi davranışları haçansa kimsəyə tövsiyə etmədim. Əsas sağlam gələcəyimizdir. İnanın ki, Qarabağ üçün fədakarlıqdan da öncə özümüzü, vücudumuzu tərbiyə etmək üzərində düşünməliyik”.

XALQ.AZ


media-728x90banner

Bənzər xəbərlər