Sədərək Ticarət Mərkəzində yanğında 4 nəfər zəhərlənib
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
XALQ xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.
TƏBİB-dən verilən məlumata görə isə, bu gün saat 11 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Qaradağ rayonu, “Sədərək” ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.
Çağırış əsasında ilkin olaraq üç təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.
Onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.
Digər 2 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.