Şəhid ailələri və qazilərə qayğı: “Dövlət əlindən gələni edir” – DEPUTAT
Şəhid ailələri və qazilərin sosial durumunun, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Dövlət başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.
Vətən savaşından sonra artıq bir çox şəhid ailəsinə və qaziyə yeni mənzillər təqdim olunub. Bu ilin 25 fevralında Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim olundu. İyulun 14-də isə Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirildi. Təqdimat mərasimlərində isə Prezident özü şəxsən iştirak edib.
Qeyd edək ki, şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi 810 mənzildən ibarətdir. Kompleksdə 620 nəfərlik məktəb və uşaq bağçası artıq fəaliyyətə hazırdır. Şəhid ailələri və Qarabağ qaziləri üçün inşa olunmuş kompleksdə rahat yaşamaq üçün bütün imkanlar yaradılıb.
Deputat Vüqar İskəndərov açıqlamasında deyib ki, şəhid ailələri və qazilərə göstərilən diqqət cənab Prezident İlham Əliyevin humanistliyinin göstəricisidir:
“Dövlət başçısı dəfələrlə deyib ki, şəhid ailələri və qazilər daim onun diqqətindədir. Onların bütün problemləri diqqətdə saxlanılır, qısa zamanda həll olunur. Göründüyü kimi, artıq yüzlərlə şəhid ailəsi, qazi mənzillərlə, avtomobillərlə təmin olunub. Dövlətin bu addımı onların həyat səviyyəsinin artırılmasına xidmət edir. Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərlə bağlı xeyli işlər görüldü. Şəhid ailələrdə azyaşlıların təhsil məsələsi, qazilərin müalicəsi ilə bağlı ciddi addımlar atıldı.
Sağlamlıq problemi olan hərbçilər “YAŞAT” Fondu vasitəsilə Türkiyəyə müalicəyə göndərilir, İsraildən həkimlər gətirilir və onların müalicə prosesi həyata keçirilir. Dövlət şəhid ailələrinin bank kreditlərini bağladı. Ümumiyyətlə, bir çox istiqamətdə işlər gedir və bundan sonra da getməlidir”.
Deputat əlavə edib ki, ümumiyyətlə, dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir:
“Həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni bu proqram Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra ediləcək. Dövlət bu istiqamətdə əlindən gələn hər şeyi edir. Bütün bunlar dövlətin bu kateqoriyadan olan insanlara qayğısını əyani şəkildə nümayişidir. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə bu siyasəti bundan sonra da davam etdirəcək”.










