Sənan Əsədzadəyə pul ödəniş edilib lakin avtomobilləri təhvil vermir-Video
Xarici ölkədən avtomobil almaq istəyən şəxslər dələduzluqla üzləşdiklərini iddia edirlər.
XALQ qaynar xəttinə müraciət edən bir qrup vətəndaş onlara qarşı kütləvi dələduzluq olunduğunu deyir.
İddiaya görə, 300-ə yaxın şəxs bu cür vəziyyətlə üzləşib.
Xezerxeber.az-ın məlumatına görə, vətəndaşlar iddia edirlər ki, “Asadzade Sanan” MMC-yə ödənişləri tam şəkildə həyata keçiriblər. Sifariş olunan avtomobillər də Bakıya gətirilib, lakin təhvil ala bilmirlər.
Avtomobilləri daşıyan nəqliyyat vasitələrinin sürücüləri də günlərdir, Bakıda pulun ödənilməsini gözlədiklərini bildirdilər.
Vətəndaşların iddialarına aydınlıq gətirmək məqsədi ilə “Asadzade Sanan MMC”nin direktoru Sənan Əsədzadə ilə əlaqə saxlıdıq.
“Əgər vətəndaşların avtomobilləri Bakıdadırsa, deməli, biz onların qarşısında məsuliyyətimizi yerinə yetirmişik. Orada heç bir sürücü 15 gündür gözləmir. Bu, iddiadır. Bir həftəlik ləngiməməmiz olub, 13-14 tarixlərində tam ödəniş ediləcək, avtomobillər təhvilı veriləcək”, – deyə Sənan Əsədzadə vəd edib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli isə bildirdi ki, 27 yaşlı Sənan Əsədzadə barəsində dələduzluq əməlləri ilə bağlı cinayət işi başlanıb. Araşdırma zamanı həmin şəxsin zərərçəkənlərə maddi ziyan vurandan sonra ölkəni tərk etdiyi müəyyən olunub. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Kütləvi dələduzluqda şübhəli bilinən şəxs barəsində axtarış elan olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.










