Ötən il Bakı şəhəri üzrə məişət zorakılığı ilə bağlı 605 zərərçəkmiş qeydə alınıb. Onlardan ən çoxu – 168 nəfər zərərçəkmiş paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

XALQ.AZ xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə vəkillər və hakimlər üçün keçirilən “Məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda təlimin açılış mərasimində çıxış edərkən deyib.

Ötən il məişət zorakılığı ilə əlaqədar Səbail rayonunda 15 zərərçəkmişin qeydə alındığını diqqətə çatdıran Mülki Kollegiyanın sədri əlavə edib: “Hesab edirəm ki, Sabunçu rayonunda zorakılıq hallarının bu qədər çox olması bir mesajdır. Bu ərazidə maarifləndirmə tədbirlərinin artırılmasına ehtiyac var”.

Sənan Hacıyeva həmçinin bildirib ki, məişət zorakılığı qlobal məsələdir və yalnız Azərbaycana aid problem deyil. Tarixən müxtəlif dövrlərdə bu problem həmişə mövcud olub. Müəyyən tarixi dövrlərdə isə bu məsələ qabardılıb və ya ört-basdır edilib.

O, bununla bağlı qabaqlayıcı tədbirlərin üç istiqamətə ayrıldığını və hər bir istiqamət üzrə kifayət qədər geniş tənzimləyici ifadələrdən istifadə olunduğunu qeyd edib. Bildirib ki, “Məişət zorakılığı haqqında” Qanunun qəbuluna qədər bu məsələ ümumi kontekstdə qiymətləndirilsə də, hazırkı formada selektiv yanaşma tətbiq edilir.

“Bu istiqamətdə qanunvericilik kifayət qədər təkmildir. Hazırda ailə qanunvericiliyinin təkmilləşdirilməsi məsələsi gündəmdədir”, – deyə Sənan Hacıyev qeyd edib.


media-728x90banner

Bənzər xəbərlər