“Şirin Su”dan şikayət: Çatlamış və ya natəmiz bidonlar göndərirlər
Sosial şəbəkə istifadəçisi Xanım Əliyeva “Şirin Su” şirkətinin xidmətindən ciddi narazılığını bildirib.
32gun.az bildirir ki, o, paylaşımında qeyd edib ki, bu şirkətlə dəfələrlə problem yaşamasına baxmayaraq, vəziyyət hər dəfə daha da pisləşir.
İddialara görə, şirkət müştərilərə çatlamış və ya natəmiz bidonlar göndərir, bəzi hallarda isə qabların palçıqlı və səliqəsiz vəziyyətdə olduğu müşahidə olunur.
Xanım Əliyeva həmçinin çatdırılma xidmətindən də şikayətçidir. Onun sözlərinə görə, sifarişlər razılaşmaya əsasən növbəti gün çatdırılmalı olsa da, “Şirin Su” tez-tez bəhanələr gətirərək gecikmə yaradır:
“Bir dəfə deyirlər qəza olub, bir dəfə də yalandan ‘gəldik, ünvanda heç kim yox idi’ deyirlər. Halbuki hər zaman zəng edib domofonu açdırırlar. Bu dəfə isə ‘adresi səhv salmışıq’ bəhanəsi ilə gətirmədilər.”
O, əlavə edib ki, qırılmış qablar bəzən yamayıb yenidən müştəriyə göndərilir, qaynar xəttə edilən çoxsaylı şikayətlər isə nəticəsiz qalır.
“Kuryerlər müştəri ilə ‘sən’ deyə danışır, heç bir məsuliyyət hiss etmirlər. Hər dəfə ‘bu gün gələcək’ deyirlər, amma günlərlə gözləməli oluruq.”
Vətəndaş sonda şirkətin fəaliyyəti ilə bağlı tədbir görülməsini və digər müştərilərin də oxşar hallardan qorunması üçün diqqətli olmasını xahiş edib.